''Qalatasaray''dan qalmaqallı şəkildə qovulandan sonra işsiz olan Fatih Terimlə bağlı xəbər var.
Ünlü mütəxəssis bir neçə ay öncə sosial şəbəkədə ona və qızına qarşı ağır ifadələr yazan bir şəxsi məhkəməyə vermişdi. Terimin qızı Busə Terim Bahçekapılı bir müddət öncə sosial şəbəkədə paylaşım edərkən ora yazılan şərhlərdən birini görərək şoka düşmüşdü. Mehmet adlı şəxs həm Terim üçün ağıza alınmayacaq ağır sözlər yazmış, həm də 31 yaşlı bu xanıma ''inşallah, uşağının məzarını öz əllərinlə qazarsan'' yazaraq bir növ bəd dua etmişdi. Bu hadisədən sonra Fatih Terim qızı ilə birlikdə vəkili Candaş Gürola müraciət edərək həmin şəxsdən İstanbul Hüquq Məhkəməsinə şikayət etmişdi.
''İmperator'' 60 min lirə təzminat tələb edirdi. Məhkəmə srağagün yekun qərarını verdi və Terimin istəyi qismən baş tutdu. Mehmet adlı şəxs 22 min lirə (təxminən 2760 manat) təzminat ödəməli olacaq.