
''Beşiktaş''ın sabiq forvardı AMK-nın tarixinə düşdü
Kamerunda keçirilən sayca 33-cü Afrika Millətlər Kuboku (AMK) başa çatmaq üzrədi.
Turnirə bu gün Seneqalla Misir arasında baş tutacaq final oyunu ilə yekun vurulacaq. Dünən isə 3-cü yer uğrunda oyunda Burkina Faso ilə Kamerun qarşılaşdı. Olduqca maraqlı və məhsuldar keçən matçda Burkina Faso sensasiya etməyə yaxın idi. Komanda 70-ci dəqiqəyə 3:0 hesabı ilə öndə daxil olmuşdu. Amma Kamerun inanılmaz bir geridönüş reallaşdıraraq 71-86-cı dəqiqələr aralığında 3 qol vurdu. Əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatan matçda meydan sahibləri penaltilər seriyasında 5:3 qalib gələrək bürünc medallara sahib çıxdılar. Kamerunun son 2 qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edən Vinsent Abubakar adını turnirin tarixinə yazdırdı. ''Beşiktaş''ın sabiq forvardı turniri 8 qolla tamamladı və son 48 ildə AMK-da 8 qol həddinə çatan ilk futbolçu oldu! Ümumilikdə bu, turnirin tarixində 2-ci ən yaxşı göstəricidi. Yalnız Zair yığmasının sabiq forvardı Pyer Ndiaye Malumbu 1 turnirin gedişində daha çox qol vurmağı bacarıb. O, 1974-də Misirdə keçirilən turnirdə 9 dəfə fərqlənmişdi.