İtaliya A seriyasında 24-cü turun mərkəzi oyunu Milanda keçirilib.
Əzəli rəqiblər “İnter” və “Milan” şənbə günü 230-cu dəfə qarşılaşıblar. “Milan” çempionluq uğrunda mübarizədə vacib sayılan derbidə zədəli olan aparıcı hücumçusu Zlatan İbrahimoviçdən yararlana bilməyib. Nominal ev sahibi olan “İnter” ilk hissədəki üstünlüklərindən yalnız bir dəfə yararlana bilib: İvan Perişiç fasilə ərəfəsində son çempionu hesabda önə keçirib. İkinci hissədəki mübarizəni böyük ölçüdə məşqçilərin dueli adlandırmaq olar. Stefano Pyoli fasilədən sonra Junior Messias ilə Braim Diası meydana buraxmaqla hücum xəttini gücləndirib. Onun “İnter”dən olan həmkarı Simone İnzaqi isə qələbəyə daha tez inam nümayiş etdirərək Perişiç, Lautaro Martines və Hakan Çalhanoğlu kimi aparıcı oyunçuları əvəzləməyi lazım bilib. Bu gedişləri isə ona və komandasına baha başa gəlib.
Məhz bu oyunçuların meydandan çıxmasından sonra oyunda dönüş yaradan “Milan” Olivye Jirunun qolları ilə əzəli rəqibi üzərində 78-ci qələbəsini qazanıb (“İnter”in hesabında 84 qələbə var). Pyolinin komandası “İnter”in çempionatda 14 oyunluq məğlubiyyətsiz seriyasını qırdı. 3 dəqiqəyə dubl edən Olivye Jiru isə A seriyasında “İnter”ə qarşı oyunda dubl edən ilk fransız futbolçu oldu!
Qeyd edək ki, “İnter” hazırda turnir cədvəlində 23 oyuna 53 xalla liderdi. “Milan” isə 24 oyuna 52 xalla 2-ci yerə yüksəlib.