Yunanıstanın Şimal zonası üzrə 2-ci liqasında 17-ci turun oyunları keçirilib.
Turan Manafovun formasını geydiyi Volos "Olimpiakos"u doğma meydanda "Olimpiakos"un B komandasına 2:3 hesabı ilə məğlub olub. Oyuna start heyətində başlayan Manafov sonadək mübarizə aparıb. Son 2 matçda 1 xal yığan voloslular hazırda autsayderlər sırasındadı.
Komandada olan ab-havanı, həmçinin özünün vəziyyətini öyrənmək üçün Turanla əlaqə saxladıq:
"Mən gələndən 2 oyun olub. Bir görüşdə heç-heçə etdik, indi də məğlub olduq. Yəni cəmi 1 xal toplamışıq. Mən gəlməmişdən əvvəl də komanda son iki oyunda uduzmuşdu. Ona görə istər-istəməz hamıya təsir edir. Ab-hava o qədər də yaxşı deyil. O ki qaldı Yunanıstana uyğunlaşmağıma, hər şey yaxşıdı. İlk dəfə deyil ölkə xaricində oluram. İstər milli komanda, istərsə də klub ilə çox olmuşam deyə, rahatdı mənim üçün. Özümü Azərbaycandakı kimi hiss edirəm. Komanda yoldaşlarımla münasibətimiz də yaxşıdı. Bacardıqları qədər mənə dəstək olurlar".
GÜNAY VƏLİYEVA