Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb.
İlk gündə Azərbaycan millisinin 3 cüdoçusu mübarizəyə qoşulub.
60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov yarışa 1/8 finaldan başlayıb. Fil Dişi Sahilidən olan Dauda Daboneni üstələyən 24 yaşlı cüdoçu növbəti raundda da monqolustanlı Arinbold Enxtayvana qalib gəlib. Hüseynov yarımfinalda Ryudzu Naqayama ilə qarşılaşıb. Təəssüf ki, təmsilçimiz Yaponiya cüdoçusuna məğlub olub. Kəramət bürünc medal uğrunda görüşdə Jaba Papinaşvili ilə üz-üzə gəlib. Gürcüstanlı rəqibinə ipponla uduzan təmsilçimiz yarışı 5-ci pillədə tamamlayıb.
73 kq-dakı hər iki cüdoçumuz uğursuzluğa düçar olub. Hidayət Heydərov 1/16 finalda fransalı Teo Rikinə qalib gəlsə də, bundan artığını bacarmayıb. O, növbəti mərhələdə Qambiya təmsilçisi Faye Njieyə məğlub olub.
Rüstəm Orucov isə elə 1/16 finaldaca mübarizəni dayandırıb. Avropa çempionumuz fransalı Benjamin Aksusa yenilib.
Qeyd edək ki, millimizin digər üzvləri Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) sabah tatamiyə çıxacaq.