U-16 Liqasının “Neftçi” İK İB – “Sabah” matçının 70-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Şahin Şahhüseyni cəzalı olduğu halda texniki zonaya daxil olduğuna və hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 6 oyun əlavə olunub.
Bunun səbəbini öyrənmək üçün təcrübəli mütəxəssislə əlaqə saxladıq. Ondan cəzalı olduğu halda nə üçün oyuna müdaxilə edərək hakimi təhqir etdiyini soruşduq. Şahin bəy əvvəlcə hadisəyə səbəb olan epizodun videosunu göndərib, məsələyə münasibət bildirdi:
"Bunun bir səbəbi var idi: hakim oyunu qərəzli idarə edirdi. Mən faktla danışıram. Epizodun videosunu sizə göndərmişəm. Bundan əlavə, görüntüləri hakimlərə də izlətmişəm. Çünki mən məşqçiyəm. Bəlkə hakimliklə bağlı hansısa xırdalıqları bilmirəm. Sizə göndərdiklərimi 4 tanınmış hakimə göstərmişəm. Onlar da deyiblər ki, qərar penalti olmalı idi. Amma o, bu qərarı verməyib. Etirazmın tək səbəbi var idi. Sadəcə, hakim oyunu qərəzli idarə edirdi. Görüşü tribunadan izləyirdim. Hakim səhv qərar verəndən sonra, sadəcə, etiraz etmişəm. O, qabaqdangəlmişlik edib. Ürəyi necə istəyirsə, elə də protokola yazıb. Amma görüntülərdə görünür ki, hakimi təhqir etməmişəm. Özü də iradımı tribunadan etmişəm. Amma protokolda elə yazıb ki, guya düşmüşəm aşağı, futbolçuların yanından hakimi təhqir etmişəm. AFFA-ya şikayət etmişəm. Dedilər ki, iradınızı yazın, baxılacaq. Amma nə qərar veriləcək, bilmirəm. İstəyirik ki, belə qərəzli hakimləri oyunlara təyin etməsinlər. İlk matçda da haqsızlıq olmuşdu. "Zirə" ilə görüşdə də qərəzli idarəçilik var idi. Orda etiraz edəndə demişdim ki, mən AFFA-dan xahiş etmişəm ki, bizim oyunlara kişi hakim təyin etsinlər, qadın yox. Çünki xanımlar yüksək səviyyədə idarəçiliyi bilmirlər. Sonra oxudum ki, 5 oyunluq cəzalanmışam. Səbəbini öyrənəndə dedilər ki, guya xanımı təhqir etmişəm. Dedim ki, necə təhqir etmişəm? Bildirdilər ki, laysman deyib ki, guya mən "bizim oyuna kişi hakim yox, balıq göndəriblər" söyləmişəm. Amma mən elə şey deməmişəm. Belə də ki, balıq nə vaxtdan təhqir olub? Buna görə mənə 5 oyunluq cəza veriblər. Son matçla bağlı da hər şeyi açıqladım. Mən şər danışmıram. Hər şey göz qabağındadı".
İLKİN SULTANLI