Futzal millimiz Avropa çempionatında mübarizəni erkən dayandırdı, yəni qrupdan çıxa bilmədi.
Uğursuzluğun səbəbləri haqda yığma üzvlərinin fikirlərini öyrəndik.
Rövşən Hüseynli:
“Komandamızın AÇ-yə hazırlığı istənilən səviyyədə olmadı. Pandemiaya çox böyük maneələr yaratdı. Uzun müddət bir araya gələ, lazımi qədər yoxlama oyunu keçirə bilmədik. Amma millidə geriləmə olduğunu düşünmürəm. Çünki 6-cı dəfə AÇ-yə vəsiqə qazandıq. Belə görürəm ki, bu azarkeşlər üçün adi hala çevrilib. Bu bizim üçün də xoşdu, milliyə olan inamın göstəricisidi. Deməli, daha da irəli getməli olduğumuzu düşünürlər... Gürcüstanla oyuna qədər 4 futzalçının testi müsbət çıxdı. Onlar bizimlə Belçikada keçirilən yoldaşlıq görüşündə də iştirak edə, hazırlıq mərhələsini sona qədər keçə bilmədilər. Bu matçda mən və Qalo oynaya bilmədik. Həmçinin İspaniya ilə qarşılaşmada. Ümumiyyətlə, komandanın istənilən üzvünün kollektivə kömək edə bilməməsi mənfi təsir göstərir. Düzdü, oyuna yaxşı başlamışdıq. Bu qədər çətinliklərə rəğmən, 2:0 da öndə idik. Sadəcə, hesabı sona qədər qoruya bilmədik. Fikrimcə, Gürcüstan bizdən üstün oynamadı, başabaş mübarizə getdi. Sadəcə, təzyiqi üzərimizdən ata bilmədik. Məşqçinin də dediyi kimi, vərəqələrdən, fərqin azalmasından bir qədər ehtiyatlandıq. İspaniya ilə matçda tam fərqli ab-hava var idi. Sübut olundu ki, istəkli, döyüşkən oyun göstərməklə istənilən komanda ilə görüşdə nəticə qazanmaq mümkündü... Alesionun ayrılması və yerinə yenisinin təyin ediləcəyi ilə bağlı mətbuatda yazılan xəbərləri mən də oxudum. Ancaq bu barədə heç bir məlumatım yoxdu. Məncə, bu məsələ gündəmdə deyil. Hətta son oxuduğum xəbərlərin birində ukraynalı məşqçinin təyin ediləcəyi yazılmışdı. Baş məşqçinin maya qədər müqaviləsi var, işinin başındadı. Ondan sonra necə olacağını da bilmirəm. Bu haqda qərar vermək, təbii ki, rəhbərliyin işidi. Bizim vəzifəmiz məşqlərdə verilən tapşırıqları yerinə yetirmək, komanda üçün əlimizdən gələnin ən yaxşısını etməkdi”.
Rizvan Fərzəliyev:
“AÇ-dən öncə 8 ay idi toplaşmırdıq. Nə də oyunlar keçirilirdi. Bu üzdən, təbii ki, çox çətin idi. Hər şey mükəmməl ola bilməz. Gürcülərlə oyun komandamız üçün uğurlu başladı. Öndə idik, amma təəssüf ki, hesabı qoruya bilmədik. Buna səbəb qol imkanlarından yararlana bilməməyimiz və hakim səhvləri oldu. Favorit İspaniya ilə görüşdə də hesabda öndə olsaq da, sonda bərabərə qaldıq. Onlarla oyunumuz uğurlu alındı. Son görüşdə Bosniya və Hersoqovinanı məğlub etdik. Lakin Gürcüstana yenilgi qrupda qalmağımıza səbəb oldu... Alesio ilə yolların ayrılıb-ayrılmayacağı bizim işimiz deyil. Rəhbərliyin qərarıdı. Bizim vəzifəmiz verilən tapşırıqları yerinə yetirməkdi”.
İsa Atayev :
“Futzalımızda geriləmə olduğunu deməzdim. Sadəcə, bəzi oyunçular fərqli klublardan gəlir. Uyğunlaşmaq üçün çox vaxt lazım olur ki, bu da bizdə yox idi. İlk oyuna yaxşı başladıq, 2 top üstünlüyümüz var idi. Fərqi artırmaq üçün iki-üç qol vəziyyəti də yaxaladıq. Onlardan yararlana bilsəydik, hər şey fərqli olardı. Ona görə də cəzalandırıldıq. Alesionun taleyi ilə bağlı heç nə demiyəcəm. Bu artıq rəhbərliyin işidi. Mənim öhdəliyim deyiləni meydanda yerinə yetirməkdən ibarətdi”.
SƏNƏM FƏRHADOVA