Türkiyədə transfer dönəminin ən səssiz klublarından olan ''Fənərbaxça''da, nəhayət, hərəkətlilik var.
Amma bu səssizliyi həm də rəhbərliyin bir tərəfdən yeni mövsüm üçün Yoahim Lövlə danışıqlar aparması ilə əlaqələndirmək olar. Türkiyə mətbuatının yazdığına inansaq, başqan Əli Koç tanınmış almaniyalı mütəxəssisi razı sala bilib və onun bütün şərtlərini qəbul edib. Artıq heyətə də Lövün bəyəndiyi oyunçular cəlb olunur. Məsələn, bunlardan biri ''Alanyaspor''lu Efecan Karacadı. 2020-ci il oktyabrın 7-də Köln şəhərində Almaniya ilə Türkiyə arasındakı hazırlıq oyunu 3:3-lük bərabərliklə bitmiş və karyerasının ən yaxşı oyunlarından birini keçirən Efecan o dönəmdə almanların başında olan Lövü heyran etmişdi. 32 yaşlı futbolçu ''Alanyaspor''a məxsusdu və onun klubla müqaviləsinin müddəti yayda bitir. Karyerasının son dönəmini böyük klubda keçirmək istəyən vinger ''Fənər''ə gəlməyə ikiəlli razıdı. O, klubların anlaşmasını gözləyir. İstanbul nəhəngi qarşı tərəfə müəyyən məbləğ və Sinan Gümüşü təklif edib. Amma əsas həyətdən çoxdan kənarlaşdırılan və karyerasını havayı pul qazanmağa qurban verən Sinan ''Alanyaspor''a keçmək istəmir. Ən son xəbərlərdə Koçun qarşı tərəfə 750 min avro təklif etdiyi və tərəflərin qısa müddətdə anlaşacağı deyilir.
Bu arada ''Fənər'' indiki baş məşqçi İsmayıl Kartalın tələbi ilə Ozan Tufanı geri qaytarıb. Dünən İstanbula gələn yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra komandanın düşərgəsinə qoşulacaq. Bilindiyi kimi, ''sarı-lacivərdlilər'' mövsümün əvvəlində Ozanı ''Uotford''a birilliyə icarəyə vermişdilər. Amma İngiltərə futboluna heç cür alışa bilməyən Tufanın günü ehtiyatda oturmaqla keçirdi. O, ''Uotford''da 7 rəsmi matçda ümumilikdə 335 dəqiqə oynamaq şansı qazanmışdı. İki klub arasında əldə olunan anlaşmaya əsasən 26 yaşlı futbolçu 2-ci dövrəni ''Fənərbaxça''da keçirəcək. Amma ''Uotford'' premyer-liqada yerini qoruyacağı təqdirdə Ozan Tufanın 7 milyon avro qarşılığında daimi əsasda bu kluba transfer olunması maddəsi qüvvədə saxlanılıb. Yəni türkiyəli futbolçu ikinci dövrəni İstanbul nəhəngində keçirsə də, ''Uotford'' çempionşipə yuvarlanmayacağı halda onu mütləq 7 milyon avroya almalı olacaq. Xatırladaq ki, bir müddət öncə ata olan Ozan 2015-dən ''Fənər''in şərəfini qoruyur. Karyerası ərzində heç bir titulu olmayan Tufanın indiyə qədər ''Fənər''də 174 rəsmi oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.