“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətinə yeni futbolçu qatacaq. Fransa klubu “Spartak”dan Samuel Jiqonu transfer edib.
29 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti 2025-ci ilin yayına qədərdi. Marsellilərə 2 milyon avroya satılan Jiqo mövsümün sonunadək icarə əsasında Moskva klubunda çıxış edəcək.
Artıq “Spartak”ı Esekyel Ponse tərk edib. 24 yaşlı hücumçu “Elçe”yə 6 aylığa icarəyə verilib. İspaniya klubunun argentinalını yayda birdəfəlik almaq hüququ var.
Rusiya klubu isə heyətini Kristofer Martins Pereyra ilə gücləndirib. “Spartak”ın “Yanq Boyz”dan yaya qədər icarəyə götürdüyü 24 yaşlı yarımmüdafiəçini daimi əsasda sıralarında saxlamaq imkanı var. Moskvalılar bunun üçün İsveçrə klubuna 6,4 milyon avro təzminat ödəməli olacaqlar. Martins Pereyranın icarəsinin paytaxt klubuna təxminən 1,5 milyon avroya başa gəldiyini də bildirək.