Fevralın ilk günündə Cənubi Amerikada DÇ-2022-nin seçmə mərhələsinin 16-cı turu keçirildi.
Artıq bu regiondan ilin son aylarında Qətərdə təşkil ediləcək mundiala vəsiqəni təmin edən Braziliya və Argentina yığmaları eyni nəticələr göstərdilər.
Braziliya yığması ardıcıl üçüncü seçmə oyunu zədəli olduğu üçün aparıcı hücumçusu Neymarsız keçirdi. Amma “selesao” Paraqvay ilə Belu Orizontedəki matçda onun yoxluğunu qətiyyən hiss etmədi. Titenin son vaxtlar hücum xəttində gəncləşdirməni uğurla həyata keçirməsi göz qabağındadı. Antoni, Vinisius Junior və xüsusilə Rafinya əsas heyətdə özlərini ən yaxşı tərəfdən göstərə bilirlər. Braziliya həmin Rafinyanın sayəsində hesabı erkən açdı. Lakin VAR sistemi onun topu qapıya əli ilə saldığını müəyyən etdi. “Lids”in hücumçusu 28-ci dəqiqədə Markinyosun uzun ötürməsi ilə qaydalar çərçivəsində qol vurdu. Oyunda bir saat arxada qalandan sonra Koutinyo uzaq məsafədən qapıya yol tapdı. Son dəqiqələrdə paraqvaylıların arxa xəttində yaranan xaos hesabın böyüməsinə səbəb oldu. Meydana ikinci hissədə çıxan Antoni ilə Rodriqo 5 qat dünya çempionunun 4:0 hesablı qələbəsini təmin etdilər. Paraqvayın dünya çempionatına yolunu bağlayan Braziliya yığması mundialın seçmə mərhələsində ardıcıl 32-ci oyunda da uduzmamaqla öz rekordunu yenilədi.
Argentina da uğurlu oyunlar seriyasını davam etdirdi. Lionel Skaloninin seçmə turnirin son iki turunda Messinin xidmətinə ehtiyac duymadığını qeyd edək. Amerika Kubokunun son qalibi yanvarın 28-də onsuz da Çili səfərində qələbə qazanmağı bacarmışdı – 2:1. Kolumbiya ilə ev oyunu isə daha çox qonaq komanda üçün həyati əhəmiyyət daşıyırdı. Kordobadakı matçın nəticəsini ilk hissədə vurulan yeganə qol müəyyən etdi. Akunyanın ötürməsi ilə qapıya yol tapan Lautaro Martines seçmə turnirdəki qollarının sayını 7-yə çatdırdı. Minimalhesablı qələbə Argentina ilə lider Braziliya arasındakı 4 xallıq fərqin qorunmasına şərait yaratdı. Əlavə edək ki, “Albiselesta” artıq 29 oyundu (19 qələbə, 10 heç-heçə) məğlubiyyətin nə olduğunu bilmir. Bu, Argentina millisinin tarixində ən yaxşı seriyanın təkrarlanması deməkdi. Belə ki, “ağ-mavilər” 1991-93-cü illərdə də ardıcıl 29 matçda uduzmayıblar. Yeri gəlmişkən, yığmalar arasında məğlubiyyətsizlik rekordu İtaliyaya məxsusdu. “Skuadra adzurra” ardıcıl 37 oyunda heç bir rəqibinə boyun əyməyib. Deməli, Argentina yığması dünya rekordunu yeniləmək üçün daha 9 matçda uduzmamalıdı.
Qətərdə keçiriləcək mundiala vəsiqə şansını qoruyan komandaların duelində qalib müəyyənləşmədi. Peru - Ekvador matçı 1:1 hesabı ilə nəticələndi. Bir xal Ekvadorun Qətərə birbaşa vəsiqə verən 3-cü yerdə qalmasına şərait yaratdı. Üçoyunluq qələbə seriyası qırılan Peru isə 4-cü yerdən 5-ə düşdü.
Ona görə ki, Uruqvay autsayder Venesuelanı 4:1 hesabıyla məğlub etməklə xalını 22-yə yüksəltdi. Seçmə turnirdə ardıcıl 4 məğlubiyyətdən sonra ötən ilin dekabrında istefaya göndərilən Oskar Tabaresin yerini tutan Dieqo Lopesin yığmadakı fəaliyyəti hələ ki uğurlu alınır. Xatırladaq ki, 46 yaşlı mütəxəssis milli komandada Paraqvayla oyunda debüt etmişdi: “selesta” yanvarın 28-də bu rəqibinə Luis Suaresin yeganə qolu ilə qalib gəlmişdi. “Atletiko”nun 35 yaşlı hücumçusu Venesuelanın qapısına penalti ilə yol taparaq Cənubi Amerikada dünya çempionatının seçmə turnirindəki qollarının sayını 28-ə çatdırdı. Suares bununla da Messini arxada qoymaqla vahid liderliyi ələ aldı.
Cənubi Amerika
qrup mərhələsi, 16-cı tur
Braziliya - Paraqvay 4:0 (1:0)
Braziliya: Ederson, Daniel Alveş, Tyaqo Silva, Markinyos, Aleks Telles, Lukas Paketa (Everton Ribeyro, 82), Fabinyo, Koutinyo (Gimarayns, 73), Mateus Kunya (Qabriel Jezus, 61), Rafinya (Rodriqo, 82), Vinisius Junior (Antoni, 61).
Paraqvay: A.Silva, R.Roxas (Eskobar, 46), Balbuena, Alonso, Arsamendiya (E.D.Martines, 46), R.Sançes (Enkiso, 87), Oxeda, Vilyasanti (A.Benites, 69), K.Qonsales (Sanabriya, 69), Almiron, Samudio.
Qollar: Rafinya, 28 (1:0). Koutinyo, 62 (2:0). Antoni, 86 (3:0). Rodriqo, 88 (4:0).
Vərəqələr: Arsamendiya, 20. Vilyasanti, 45+4. Alonso, 78 – sarı.
Hakim: Fakundo Telyo (Argentina).
1 fevral. Belu Orizonte.
Argentina - Kolumbiya 1:0 (1:0)
Argentina: E.Martines, Montyel, Petsella, Lisandro Martines, Akunya, Lo Çelso (Buendiya, 80), Q.Rodriges, A.Qomes (Lukas Martines, 80), Di Mariya (N.Qonsales, 69), Lautaro Martines (Dibala, 69), Okampos (Mesa, 58).
Kolumbiya: Varqas, Medina (Valoyes, 67), Tesilyo, Moxika, D.Sançes, Kuadrado, Barrios (Kuelyar, 75), Xames Rodriges (L.X.Suares, 57), Uribe (Kantilyo, 57), Borxa (Falkao, 75), L.Dias.
Qol: Lautaro Martines, 29.
Vərəqələr: Akunya, 44. Montyel, 58. L.X.Suares, 77. D.Sançes, 90 - sarı.
Hakim: Rafael Klaus (Braziliya).
1 fevral. Kordoba.
Peru - Ekvador 1:1 (0:1)
Peru: Qalyese, Advinkula, Sambrano, Kalyens, Trauko, Tapya (Kartaxena, 90+4), Karrilyo, Penya (Valera, 61), Yotun, R.Qarsiya (E.Flores, 46), Ormenyo (K.Qonsales, 46).
Ekvador: Qalindes, A.Presyado (Arreaqa, 81), F.Torres, İnkapye, Estupinyan, Franko (Karselen, 89), Qrueso, M.Kaysedo, E.Presyado (D.Palasios, 73), Plata, Estrada (X.Kaysedo, 81).
Qollar: Estrada, 2 (0:1). E.Flores, 69 (1:1).
Vərəqələr: Franko, 28. R.Qarsiya, 34. M.Kaysedo, 38. Karvalyo, 45+5 (meydandan kənarda). Advinkula, 51. Plata, 63 - sarı.
Hakim: Vilton Pereyra Sampayo (Braziliya).
1 fevral. Lima.
Uruqvay - Venesuela 4:1 (3:0)
Uruqvay: Roçet, Arauxo, Qodin, X.Ximenes (M.Kaseres, 89), Olivera, Pellistri (Kanobbio, 67), Bentankur (Arambarri, 74), Valverde (D.Suares, 74), De Arraskaeta, Kavani (D.Nunyes, 67), L.Suares.
Venesuela: Farinyes, R.Ernandes, Çanselyor, Ferraresi, O.Qonsales, Xose Martines (X.Moreno, 70), Rinkon, Maçis (X.Murilyo, 46), Otero (Xosef Martines, 46), Soteldo, Rondon.
Qollar: Bentankur, 1 (1:0). De Arraskaeta, 23 (2:0). Kavani, 45+1 (3:0). L.Suares, 53-p. (4:0). Xosef Martines, 65 (4:1).
Vərəqələr: O.Qonsales, 29. Çanselyor, 41. Soteldo, 52. Olivera, 66. Rondon, 80. X.Murilyo, 84. Rinkon, 90 - sarı.
Hakim: Bruno Arleu de Araujo (Braziliya).
1 fevral. Montevideo.
Boliviya - Çili 2:3 (1:1)
Boliviya: Lampe, Enumba, Xusino, Xose Saqredo (R.Fernandes, 80), Saavedra (D.Bexarano, 61), Sausedo, Vilyarroel (R.Vaka, 61), Ramalyo (Abreqo, 77), Arse, Moreno Martins, Miranda (H.Vaka, 61).
Çili: Kortes, Kuşçeviç, Medel (Uerta, 87), P.Dias, İsla, Pulqar (Baesa, 70), M.Nunyes (Qaldames, 87), Arangis (Parra, 70), Suaso, A.Sançes, Brereton (Montesinos, 76).
Qollar: A.Sançes, 14 (0:1). Enumba, 37 (1:1). M.Nunyes, 77 (1:2). A.Sançes, 85 (1:3). Moreno Martins, 88 (2:3).
Vərəqələr: Kuşçeviç, 30. Miranda, 36. Moreno Martins, 90+2. Kortes, 90+5 - sarı.
Hakim: Aleksis Errera (Venesuela).
1 fevral. La Pas.
1. Braziliya 15 12 3 0 32-5 39
2. Argentina 15 10 5 0 23-7 35
3. Ekvador 16 7 4 5 25-15 25
4. Uruqvay 16 6 4 6 19-22 22
5. Peru 16 6 3 7 17-21 21
6. Çili 16 5 4 7 19-20 19
7. Kolumbiya 16 3 8 5 16-19 17
8. Boliviya 16 4 3 9 23-35 15
9. Paraqvay 16 2 7 7 9-23 13
10. Venesuela 16 3 1 12 14-30 10
Bombardirlər: Moreno Martins (Boliviya) – 10, Neymar (Braziliya), Lautaro Martines (Argentina), L.Suares (Uruqvay) - 7, Estrada (Ekvador), Messi (Argentina), A.Sançes (Çili) - 6.
Növbəti turun oyunları martın 24-də keçiriləcək: Uruqvay – Peru, Kolumbiya – Boliviya, Braziliya – Çili, Argentina – Venesuela, Paraqvay – Ekvador.
Asiya
3-cü mərhələ, 8-ci tur
A qrupu
İran - BƏƏ 1:0
Taremi, 44.
Suriya - Koreya 0:2
Kim Çjin Su, 53. Kvon Çan Hun, 71.
Koreya yığması qrup mərhələsinin sonuna 2 tur qalmış azı 2-ci yeri özünə təmin etməklə dünya çempionatına vəsiqə qazandı. Bu komanda ardıcıl 10-cu dəfə mundialda oynayacaq. Koreyanın ilin sonunda Qətərdə keçiriləcək turnirdə iştirak hüququ qazanan 15-ci yığma olduğunu da qeyd edək.
Livan – İraq 1:1
Sabra, 45+2 – Qadban, 39.
1. İran 8 7 1 0 13-2 22
2. Koreya 8 6 2 0 11-2 20
3. BƏƏ 8 2 3 3 6-6 9
4. Livan 8 1 3 4 5-8 6
5. İraq 8 0 5 3 4-11 5
6. Suriya 8 0 2 6 5-15 2
B qrupu
Yaponiya - Səudiyyə Ərəbistanı 2:0
Minamino, 31. İto, 50.
Oman - Avstraliya 2:2
Abdulqafur, 54; 89-p. - Maklaren, 15-p. Muy, 79.
Vyetnam - Çin 3:1
Hö, 9. T.L.Nquyen, 16. Fan, 76 – Ksu, 90+7.
1. Səudiyyə Ərəbistanı 8 6 1 1 10-5 19
2. Yaponiya 8 6 0 2 9-3 18
3. Avstraliya 8 4 3 1 15-6 15
4. Oman 8 2 2 4 8-10 8
5. Çin 8 1 2 5 8-16 5
6. Vyetnam 8 1 0 7 7-17 3
Bombardirlər: İto (Yaponiya), Taremi (İran), Vu (Çin) – 4.