Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?
Azərbaycanda uşaq futbolunun problemlərinə həsr olunmuş layihə çərçivəsində araşdırmalarımıza davam edirik. Budəfəki müsahibimiz “Neftçi” Futbol Akademiyasının əlaqələndiricisi Elşad Əhmədovdu. Elşad bəy azərbaycanlı futbolsevərlərə yetərincə tanış biridi. Elə bu səbəbdən də onun əlavə təqdimatına ehtiyac duymuruq.
- Elşad bəy, ötən ilin iyulundan “Neftçi” Futbol Akademiyasının əlaqələndiricisi kimi çalışırsız. Ona görə də sizə ilk sualımız “Neftçi” akademiyasıyla bağlıdı. Hazırda akademiyada neçə komanda var, işlər necə qurulub?
- Hazırda “Neftçi” Futbol Akademiyasında əsas səkkiz yaş qrupu üzrə komanda fəaliyyət göstərir. Yəni AFFA-nın bayrağı altında keçirilən yarışlarda U-10 komandasından başlayaraq U-17 komandasına qədər iştirak edir. Bununla yanaşı, üç yardımçı yaş qrupumuz var. U-9 komandamız da AFFA-nın keçirdiyi çempionatda iştirak edir. Amma müsabiqədənkənar qaydada. Bu komandalar arasında keçirilən yarışda turnir cədvəli yoxdu. Sentyabrda seleksiya məşqləri keçirdik, 120-130 uşağın arasından seçim etdik. Bu seçimlərdən sonra U-7 və U-8 komandaları yaratmışıq. Hər qrupda 2014/15-ci illərdə anadan olan 7-8 uşaq var. Həmin komandalar sentyabrdan sonra formalaşıb. Həftə ərzində U-14-dən U-17-yə qədər olan komandaları arasında bir formada işləyirik, U-14 komandasına qədər isə başqa formada işlər görülür. Həftəlik proqram əsasında istiqamət seçilir, məşqçilər öz məşqlərini həmin proqrama uyğun keçir və mənə məlumat verirlər. Biz ümumi məlumat bazası yaratmışıq. Məşqçilərin hər birinin o bazada məlumatları var, kompüterdə qeydə alınıb. Sabah bizə hansısa məlumat lazım olanda ordakı qeydlərə baxırıq. Hələ ki hər şey normal gedir. Bir gün məşqlərimizə də təşrif buyursaz, hər şeyi özünüz də görərsiz. Yerində görmək daha maraqlı olacaq. Onu da qeyd edim ki, U-14 komandasından 17 yaşlılara qədər məşqçilər üçün öz aramızda sistem qurmuşuq. Oyun sisteminə uyğun məşqlər davam edir, çempionatlarda da ona uyğun çıxış edirik. U-10 qrupundan U-13-ə qədər sərbəstlik verilib. Daha aşağı yaş qruplarında isə texniki hazırlığa diqqət yetirik. U-14-dən sonra isə 11 nəfər oynadıqları üçün uşaqlara taktiki hazırlıq keçilir, onların qərar qəbul etməsinə və qarşılıqlı anlaşmasına xidmət edən məşqlərə üstünlük veririk. Fiziki hazırlıq da həftədə bir dəfə məşq proqramlarımızda üstünlük təşkil edir.
- “Neftçi”nin hazırda inşası davam edən təlim-məşq bazasında uşaq komandaları üçün hansı şərait yaradılıb? Akademiyanın komandaları yeni bazada məşq edə bilirlərmi?
- Yeni bazada şəraitimiz çox yüksək səviyyədədi. İki meydança akademiyanın ixtiyarına verilib. Həmin meydançalarda məşqlər keçirik. 100x60 ölçüdə bir süni örtüklü meydançadı, digəri isə 60x40 ölçüsündə. “Anqar” deyilən yerdə məşqlərimiz davam edir. Rəhbətlik sağ olsun, bizim üçün yüksək səviyyədə şərait yaradılıb. Demək olar ki, indiki vaxtda klublar arasında ən yaxşı şərait bizdədi. Akademiyada tikinti işləri hələ də davam edir. Müəyyən əlavə işlər var ki, onların görülməsinə yeni başlanılıb. Rəhbərlik də öz tapşırıqlarını verib. Hazırda bazada sürətli iş gedir. İnanıram ki, yaxın bir il ərzində həmin işlər də yekunlaşacaq. Bütün akademiyanın məşqlərini təlim-məşq bazasının ərazisində təşkil edəcəyik.
- “Neftçi”nin təlim-məşq bazasında gələcəkdə uşaqların məskunlaşması nəzərdə tutulubmu? Hazırda bazada yaşayan uşaq varmı?
- Qeyd etdiyim kimi, bəzi işlər hələ tam yekunlaşmayıb. Uşaqların qalması üçün yerlərin istifadəyə verilməsi nəzərdə tutulub. Yəqin ki, ordakı tikinti işləri yaxın bir il ərzində başa çatdırılar. Rəhbərlik də buna çalışır. Akademiyanın uşaqları üçün yerlər hazırlanacaq. Rayondan gələn istedadlı uşaqlar üçün yüksək şərait yaradılacaq. Onların bazada gecələməsi üçün hər şey nəzərə alınacaq. Bu istiqamətdə sürətli iş gedir. Hər gün özümüz də müşahidə edirik. Az qala hər həftə yenilik hiss olunur. İndiki məqamda rayonda yaşayan istedadlı uşaqları sıralarımıza cəlb edə bilmirik. Bu istiqamətdə çətinlik var. “Ruslan-93” adlanan bazada akademiyamızın uşaqlarından məskunlaşdırmışıq. Orda da normal şərait var. Çalışırıq daha yaxşı olsun. Çox güman, gələn mövsümə qədər işlər yekunlaşacaq və cəlb edəcəyimiz futbolçuları ora köçürəcəyik.
- Mütəxəssislərlə söhbətimizdə onlar uşaqların akademiyalarda məskunlaşmasının, daim nəzarətdə olmasının vacibliyini vurğulayır. Siz bu barədə necə düşünürsüz?
- Mən də bunu çox istərdim. Akademiyalarda hərtərəfli şəraitin yaradılması, uşaqların orda yaşaya bilməsi çox vacibdi. Kaş bütün klublarda belə şərait olsun. Mən özüm sovet vaxtı idman internat məktəbində oxumuşam. Oranın nə demək olduğunu yaxşı bilirəm. İki il həmin internat tipli məktəbdə oxumuşam. İndi internat deyəndə birtəhər səslənir. İdman təmayüllü internat məktəbi idi. Çox yaxşı şərait yaradılmışdı. Oxumaq, yemək, yatmaq, məşq etmək – hamısı bir yerdə idi. Bunun da çox xeyri vardı. Eyni ərazidə həm təhsil alırsan, savadlı olursan və istirahət edirsən, məşqlər keçirsən. Bu ideyalar həyata keçsə, Azərbaycan futbolu üçün çox yaxşı olar.
- Təcrübəli bir futbol adamı kimi Azərbaycanın uşaq futbolunun bugününü necə görürsüz? Problemlər və onların həlli yolları haqda nə deyərdiz?
- Bu sualın cavabı ətrafında xeyli danışmaq olar. Hamımızın ağrılı yeri uşaq futboludu. İlk gündən bu barədə düşünürəm. Kim desə ki, Azərbaycanda uşaq futbolu yoxdu, mən onunla saatlarla mübahisə etməyə hazıram. Uşaqlarımızın futbol oynamaq qabiliyyəti var. Bəlkə şəraitimiz istənilən səviyyədə deyil. Yaxud da bəzi məşqçilərimizin səviyyəsi aşağıdı. Amma əminliklə deyirəm ki, uşaqlarımızın səviyyəsi yetərincə yüksəkdi. Aşağı yaşlardan söhbət gedir. Deyirlər ki, 14-15 yaşlarında uşaqları itiririk. Bu da şəraitsizliyin, məşqçilərin, bir az da klub rəhbərlərinin günahıdı. Mən futbolçunu təhsilli, savadlı görmək istəyirəm. Futbolçu təhsil almalı, vaxtında qidalanmalı, istirahətini edəndən sonra məşqə qatılmalıdı. Buna şərait yaratmalıyıq. Biz “Neftçi”də bu problemin öhdəsindən müəyyən qədər gəlmişik, günün istənilən vaxtında məşq edə bilərik. Uşaqların dərs növbəsinə uyğun məşqlərin saatını düzənləyirik. Zaman-zaman bütün bu problemlərin öhdəsindən gələcəyik.
İLKİN SULTANLI