Qış “transfer pəncərəsi” bağlanmaq üzrədi.
“Legiya”nın təlim-məşq toplanışına qoşulmayan Mahir Emrelinin durumu isə qeyri-müəyyən olaraq qalır. Azərbaycanlı futbolçu nə Varşava klubu ilə problemini yoluna qoyub, nə də özünə yeni komanda tapıb. Onun indi harda olduğu da məlum deyil.
Təxminən 15 gün öncə Mahirin Bakıda məşq etdiyinə dair video yayılmışdı. Onu məşq etdirən mütəxəssisin ləqəbinin Elmejor olduğu məlum idi. Bir az zaman alsa da, Əbülfəz Hafizoğlunu tapa bildik. Onunla söhbətdə bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
- Öncə sizi tanıyaq. Nə işlə məşğul olursuz?
- Mən Elmejoram. Hazırda dietoloq, reabilitoloq və fərdi futbol məşqçisi kimi fəaliyyət göstərirəm. 2013-14-cü illərdə “Simurq” və “Qəbələ"nin formasın geymişəm . Daha sonra İspaniyanın 3-cü liqa klubları "Qvadalahara", "Amorabieta" və "Aranyuez"də çıxış etmişəm. Uşaq futbolum isə Kiyev “Dinamo”sunda keçib. Yaxın zamanlarda “Dinamo”ya təcrübə keçməyə gedəcəm.
- Bir neçə həftə Bakıda Mahir Emrelini məşq etdirmisiz. Əvvəlcədən tanış idiz, yoxsa özü sizə müraciət etdi?
- Mahir bilib ki, fərdi futbol məşqçisi var Azərbaycanda. Özü müraciət etdi. Təklif etdi ki, məşq edə bilərik? Mən də razılaşdım.
- Məşq prosesində nələr yaşandı? Neçə gün davam etdi? Uzun müddət futbol oynamaması fiziki durumuna təsir edib?
- Mahirin fiziki durumu çox yüksək səviyyədədi. Əvvəlki durumundan da yaxşıdı. Bir az yüngülvari xəstəliyi var idi. İki həftə tam dincəldi. Sonra gəldi, məşqlərə başladı. 10-15 gün məşqsiz dayanmışdı, bir az ona görə zəiflik ola bilərdi. Formasını bərpa etmək çox asan oldu. Dözümlülük məşqi ilə onun dözümlülüyünü bərpa etdik. Məşqdə olan digər proseslər isə, necə ki, komandalarda olur, gündə iki dəfə o şəkildə davam etdirdik. Əsas səviyyə baxımından özünü artırmaq idi ki, onu da bacardı. Məşq prosesi bir həftə davam etdi. Yaxşı formada onu yola saldım. Hazırda məşq etmirik.
- Mahirin “Legiya” ilə arasında olan problemi bilirsiz. Heç məşqdə bu barədə sizinlə danışıb? Yaşananlarla bağlı hansı fikirdəsiz?
- Bu elə bir mövzudu ki, Mahir nə deyirsə, mən də onu deyə bilərəm. Çünki hər kəsin fikri fərqli ola bilər. Mahirin dediyinə görə, ailəsini ora aparmaq istəmir, qorxur. Məlum hücumdan sonra qorxu var onda. Ona görə də normaldı belə düşünməsi.
- Hazırda Mahirlə əlaqəniz varmı? Hardadı?
- Bəli, əlaqəm var. Amma harda olduğunu, təəssüf ki, deyə bilmərəm. Gizli məqamlardandı çünki.
Sonda qeyd edək ki, Elmejor bəy bugünlərdə Şuşaya səfər edib. Bu haqda növbəti saylarımızda ətraflı məlumat verəcəyik.
GÜNAY VƏLİYEVA