Artıq Kamerunda təşkil olunan Afrika Millətlər Kubokunda (AMK) 1/4 final arxada qalıb.
Yanvarın 29-30-da keçirilən oyunlardan sonra bu mərhələnin qalibləri müəyyənləşdi. Kamerun, Burkina Faso, Misir və Seneqal yığmaları qitə çempionatının ən güclü 4 komandası sırasına düşdü.
1/4 final
Qambiya – Kamerun 0:2
Toko Ekambi, 50; 57.
Qambiya: Qaye, Sundberq (Sisey, 85), O.Kolli, Qomes, Yaqne (Mudu Barrou, 56), Turey, Bobb, Marre (Cob, 82), Yanko (Darbo, 56), Badamosi (E.Kolli, 56), Musa Barrou.
Kamerun: A.Onana, Fay (Mbaizo, 84), Kastelletto, Nqadyo-Nqacui, Tolo, Nqamalyo (Bassoqoq, 87), Zambo Angissa (Neyu, 87), Honqla (Kunde, 81), Um Que, Toko Ekambi (N’Ji, 81), Abubakar.
Qambiyanın ev sahibləri ilə oyunda uğur qazanmaq şansı minimum dəyərləndirilirdi. Kamerun yığması ilk hissədə oyun planında böyük üstünlüklərinə baxmayaraq, Qayenin qoruduğu qapıya heç cür yol tapa bilmədi. Turnirin əsas sensasiyası sayılan qambiyalıların bəxti çox gətirdi: onları real qol epizodlarında ya qapıçısı, ya dirək xilas edir, ya da AMK-da 6 qolla bombardirlərin siyahısına başçılıq edən Abubakar “bağışlayırdı”. Ancaq fasilədən sonra, belə desək, Toko Ekambinin rəqibə yazığı gəlmədi. “Lion”un 29 yaşlı hücumçusu 7 dəqiqəyə dubl etməklə həm qitə çempionatındakı qollarının sayını 5-ə yüksəltdi, həm də komandasını yarımfinala daşıdı.
Burkina Faso – Tunis 1:0
D.Oattara, 45+3.
Burkina Faso: Koffi, Kabore, E.Tapsoba, S.Oattara, Yaqo, Gira, B.Ture, Sanqare, Bayala, D.Oattara, C.Oattara (Konate, 71).
Tunis: Ben Səid, Drəger, İfa, Bronn, Həddadi (Maalul, 46), Ben Slimane (Sliti, 46), Sxiri (Rafya, 84), Layduni, Msakni, Xəzri, Cəziri (Jebali, 75).
1/8 finalda Qabonu mübarizədən kənarlaşdıran Burkina Faso daha bir ciddi rəqibə üstün gəldi. Amma bu dəfə Kamu Malonun çalışdırdığı komanda şansını penalti seriyasına saxlamadı. Danqo Oattaranın ilk hissənin sonuna bir neçə saniyə qalmış vurduğu qol Tunisin mübarizəni dayandırması üçün kifayət etdi. Matçın çox hissəsini hücumda keçirən tunislilər həmin epizodda müdafiədə səhvə yol verdilər: Oattara iki müdafiəçini və qapıçını aldadaraq hesabı açdı. Fasilədən sonra “Karfagen qartalları” daha böyük qüvvə ilə irəli atılsalar da, əks-hücumda növbəti dəfə yaxalanmaq qorxusu ilə bir qədər ehtiyatlı oyuna üstünlük verdilər. Belə oyun isə inamla müdafiə olunan rəqibin işinə yaradı. Tunislilər 82-ci dəqiqədə həmin Oattaranın hava mübarizəsində rəqibinə qarşı aşkar kobudluğuna birbaşa qırmızı vərəqə almasıyla say üstünlüyü də qazandılar. Lakin Burkina Fasonun müdafiəsini yarmaq “ağ-qırmızılar”a müyəssər olmadı.
Yeri gəlmişkən, yarımfinala çıxa bilməmək Monder Kebayerin istefaya göndərilməsinə səbəb olub. 51 yaşlı mütəxəssis Tunis millisini 2019-cu ilin avqustundan çalışdırırdı. Kebayerin yerinə köməkçisi Cəlil Kadri təyinat alıb. O, milli komandanı DÇ-2022-nin mart ayında Mali ilə keçiriləcək seçmə pley-off oyunlarına hazırlaşdıracaq.
Misir - Mərakeş 2:1, əlavə vaxtda
Salah, 53. Trezeqe, 100 – Bufal, 7-p.
Misir: Abu Qabal (M.Sobhi, 96), Heqazi (Trezeqe, 46), Kamal, Abdelmonem, Əl-Fotuh, Əl-Soleya, Elneni, Əşrəf (Alaa, 90), Abdalla (R.Sobhi, 111), Salah (Həmdi, 120+3), Marmuş (Sayed, 80).
Mərakeş: Bunu, Hakimi, Sayss, Agerd, Masina, Amrabat, Barkok (Abuxlyal, 104), Amallah (Luza, 86), Əl-Həddadi (Tissudali, 111), Bufal (Rəhimi, 66), Ən-Nəsiri (Mmae, 86).
İki yüksək səviyyəli komandanın duelindən Misir yığması qalib çıxdı. Gözlənildiyi kimi, paytaxt Yaundedəki matç olduqca gərgin keçdi. Şimali afrikalıların dueli bəzi epizodlarda əsəblərin gərilməsi ilə də yadda qaldı. Komandaların azı 120 dəqiqə çəkən mübarizəni tam heyətlə başa vurmalarına təəccüblənməmək olmur. Hətta baş məşqçilər Karluş Keyruş ilə Vahid Həlilhociç də hakimdən rəsmi xəbərdarlıq aldılar.
Tarixən Misir üçün əlverişli rəqib olan Mərakeş ilk dəqiqələrdə “fironlar”ı çətinə saldı: reaktiv müdafiəçi Hakiminin qazandığı penaltini Bufal qola çevirdi. Tədricən təşəbbüsü ələ alan misirlilər iki dəfə cavab qoluna çox yaxın oldular. Lakin “Atlas şirləri”nin qapıçısı Bunu Əşrəf ilə Əl-Fotuhun təhlükəli zərbələrini dəf etdi.
Keyruşun ikinci hissədə mübarizəyə qoşduğu Trezeqe Salahın ötürməsi ilə hesabı bərabərləşdirmək imkanını qeyri-dəqiq zərbə ilə boşa verdi. Bir neçə dəqiqə sonra “fironlar”ın lideri buna özü nail oldu. Bundan sonra hücumları səngidən Misir yığması rəqibin təşəbbüsə yiyələnməsinə şərait yaratdı. 82-ci dəqiqədə Abu Qabal Agerdin ikinci qolu vurmasına mane oldu. Bu epizodda zədə alan misirli qapıçı 30 dəqiqəlik əlavə vaxtın əvvəlində yerini Məhəmməd Sobhiyə verməli oldu. Matçın nəticəsinin misirlilərin 100-cü dəqiqəyə təsadüf edən kəskin əks-hücumu müəyyən etdi. Sağ cinahdan cərimə meydançasına daxil olan Salahın ötürməsini Trezeqe qələbə qoluna çevirdi. Son dəqiqədə “Liverpul”un hücumçusu dubl şansını qaçırsa da, matçın ən yaxşı oyunçusu adına layiq idi. 29 yaşlı Salahın bu mövsüm klubda və yığmada ümumilikdə 31 oyun keçirdiyini və 25 qol vurduğunu da qeyd edək.
Seneqal - Ekvatorial Qvineya 3:1
Dyedyu, 28. Kuyate, 68. İ.Sarr, 79 - Buyla, 57.
Seneqal: E.Mendi, Siss, B.Sarr, A.Diallo, K.Kulibali, Quye (Kuyate, 65), Quey, N.Mendi, Dia (İ.Sarr, 58), Sadio Mane, Dyedyu (Dyenq, 65).
Ekvatorial Qvineya: Ovono, Akapo, Obyanq, Koko-Bassi, Ndonq, Salvador (Belima, 80), Qanet (Bikoro, 72), Maçin (Balboa, 85), Buyla, Miranda, Nsue (Eneme, 81).
1/4 finalın son oyunu gözlənilmədən məhsuldar alındı. Halbuki Seneqal və Ekvatorial Qvineya yığmaları turnirin əvvəlki matçlarında qol vəziyyətlərini reallaşdırma planında çətinlik çəkmişdilər. İlk hissədə ərazi üstünlüyünə malik olan Seneqalın hücumçusu Dyedyunun qolu yaddaqalan oldu. Fasilədən sonra hakimin seneqallıların qapısına təyin etdiyi penalti qərarını VAR-ın köməyi ilə dəyişməsi qvineyalıları özündən çıxardı. Çox keçmədən Buyla cavab qolunu vurdu. Aliu Sisse tezliklə meydana üç yeni oyunçu buraxmaqla komnadasının oyununu gücləndirməyi lazım bildi. Nəticəni məhz mübarizəyə sonradan qoşulan Kuyate ilə İsmaila Sarrın qolları müəyyən etdi.
Beləliklə, diqqətlər artıq yarımfinala yönəlib. Bu mərhələyə fevralın 2-də Burkina Faso – Seneqal matçı ilə start veriləcək. Ertəsi günə isə Kamerun – Misir oyunu təyin olunub.
Bombardirlər: Abubakar (Kamerun) - 6, Toko Ekambi (Kamerun) – 5, Bufal (Mərakeş), İ.Kone (Mali), Mhanqo (Malavi) - 3.