Niderlandda keçirilən futzal üzrə Avropa çempionatı bizim üçün uğursuz alındı.
Joze Alesio da Silvanın çalışdırdığı, “milliləşdirilən” braziliyalılardan ibarət yığma qrup mərhələsini adlaya bilmədi. Komandanın uğursuzluğunu şərtləndirən səbəbləri üzə çıxarmaq və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün yığmanın sabiq üzvü, hazırda EKOL-u şərəfini qoruyan Namiq Məmmədkərimovla danışmağı lazım bildik.
- Əvvəlcə millinin qrup mərhələsindəki çıxışı barədə fikirlərini bilmək istərdik.
- 6-cı dəfə Avropa çempionatının final mərhələsinə qatılmaq xoş hiss idi. Bu onu göstərirdi ki, böyük turnir təcrübəsi olan komandamız var. Təəssüf ki, nəticə gözlədiyimiz kimi olmadı. İlk turda Gürcüstana yenilgi yığmamıza baha başa gəldi və qrupdan çıxa bilmədik. Əslində gürcülər bizdən çəkinirdilər. Onların heyətində çıxış edən Roninyo bizim Felipinyo ilə söhbətdə bunu etiraf etmişdi. O yığmamızla son oyunda qarşılaşmaq istədiklərini söyləmişdi. Gürcülərlə oyun bizim üçün çox yaxşı başlamışdı. İlk yarıda artıq lazımi nəticəni əldə etmişdik. Ancaq ikinci hissədə komanda fiziki cəhətdən hazır olmadığını göstərdi və nəticədə rəqib 3 qol vuraraq, sürpriz şəkildə meydanı qələbə ilə tərk etdi. Fikrimcə, komanda ikinci hissədə ilk yarının davamını gətirməliydi, oyunu başladığımız taktika ilə başa vurmalıydıq.
- Komandanın fiziki cəhətdən çatdırmağını söylədin. Ancaq yığma ikinci turda İspaniya kimi nəhənglə heç-heçə oynamağı bacardı. Son görüşdə isə Bosniya və Hersoqovinanı məğlub etdi...
- İspaniya ilə görüş başqa hekayədi. Bizə vacib olan gürcülərlə qarşılaşma idi. Gürcüləri məğlub edib, 3-cü matça hazırlaşmalıydıq. İlk oyunda yenildiyimizdən Alesio və braziliyalı futzalçılar İspaniyaya qarşı var güclərini qoymağa məcbur oldular. Onu da nəzərə alın ki, ispanların iki əsas oyunçusu həmin görüşdə meydanda yox idi. İspaniya ilə heç-heçə bizə nə verdi? Hər yarışın öz strategiyası olmalıdı. Xatırlayırsızsa, hələ final mərhələsindən öncə istər baş məşqçi, istərsə də yığma üzvləri daha çox Gürcüstanla oyunun əhəmiyyətindən danışırdılar. Həmin matçda qazanılacaq qələbə bizi qrupdan çıxaracaqdı. Niderlanddan öncə yığma Belçika ilə yoxlama görüşü keçirdi. Məğlub olsa da, həmin qarşılaşma baş məşqçiyə və komandaya çox xeyir verdi. Çatışmayan cəhətlər üzə çıxdı ki, onları da aradan qaldırmaq üçün yetərincə vaxt var idi. Ancaq bacarmadılar.
- Sözlərindən belə çıxır ki, uğursuzluqda günahkar baş məşqçidi...
- İstənilən halda nəticə yoxdusa, məsuliyyət baş məşqçinin üzərindədi. Ola bilsin, indi müəyyən səbəbləri qabardıb, qrupdan çıxa bilməməyi əsaslandırmaq istəyərlər. Ancaq istənilən halda millinin qrupdan çıxa bilməməsi uğursuzluq kimi dəyərləndirilməlidi.
- Əldə etdiyimiz məlumata görə, federasiya rəhbərliyi Alesio ilə yolları ayırmaq qərarına gəlib və onun əvəzinə ukraynalı mütəxəssis dəvət olunacaq. Bu barədə nə düşünürsən? Niyə yığmanın “sükan”ı yerliyə yox, məhz ukraynalıya tapşırılmalıdı? Bir də Alesionun getməsi heyətə də təsir edəcək. Əksər braziliyalılar ayrılacaq ki, bu da qarşıdakı turnirlərdə yığmaya təsirsiz ötüşməyəcək. Qısa zamanda uğur qazana biləcək komanda formalaşdırmaq mümkündü?
- Fikrimcə, yerli mütəxəssislər hələ cavandı. Yığmada işləmək böyük təcrübə və məsuliyyət tələb edir. Ola bilsin, bu səbəbdən federasiya rəhbərliyi baş məşqçini yenə kənardan dəvət etməyə çalışır. Yerli veteranlardan biri də, yəqin ki, köməkçi-məşqçi olar. Zamana gəlincə, qarşıda yeni komanda formalaşdırmaq üçün yetərincə vaxtımız var. Dünya çempionatının seçmə mərhələsinə qədər yeni komanda formalaşdırmaq mümkündü. Ona görə də narahat olmağa dəyməz. Ukraynalı məşqçi deyirsizsə, məncə, düzgün qərardı. Ukrayna Avropa çempionatında adını qrupdan çıxanlar arasına yazdırmağı bacarıb. Özü də çox gözəl oyun nümayiş etdirirlər. Onu da qeyd edm ki, özüm də qitə çempiontında Ukraynaya azarkeşlik edirəm. Yəqin Avropa çempionatından sonra yığmanın yeni çalışdırıcısının adı açıqlanacaq.
RƏŞAD