Azərbaycan premyer-liqasında qış fasiləsi bitmək üzrədi.
Çempionatda iştirak edən komandaların 6-sı ikinci yarı üçün hazırlığı Antalyada keçdi. Bu, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sabah” və “Sumqayıt”a fiziki cəhətdən kömək olacaq. Çünki adını çəkdiyim klublar qardaş ölkədə fərqli rəqiblərə qarşı güclərini sınadılar. Bu proseslə bağlı fikirlərimizi ötən sayımızda diqqətinizə çatdırmışdıq. Bu dəfə premyer-liqa təmsilçilərini tərk edən və yeni qoşulan futbolçulara görə təhlil edəcəyik. Görəsən, oyunçu baxımından hansı klubumuz güclənib? Ümumiyyətlə, premyer-liqa iştirakçıları heyət baxımından həm çempionata, həm də Azərbaycan kubokunda mübarizəyə hazırdı?
“Qarabağ”
Gələnlər: Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili ("Yagelloniya", Polşa), Leandro Andrade ("Çerno More", Bolqarıstan)
Gedən: yoxdu
Gördüyünüz kimi, ağdamlılar 3 yeni futbolçu ilə güclənib. Komandanı tərk edən yoxdu. Rüstəm Əhmədzadə “Qarabağ”a qış fasiləsi başa çatmadan qoşuldu. Bu, Qurban Qurbanovun komandası üçün müsbət məqamdı. Təcrübəli mütəxəssis hazırlığın ilk günündən milli üzvünü sınayaraq ondan harda və necə istifadə edəcəyini özü üçün müəyyənləşdirdi. Antalyadakı yoxlama görüşlərində Rüstəm sağ vinger kimi çıxış etdi. Xayme Romero zədələnəndən sonra ağdamlılar bu mövqedə problemlə üzləşmişdi. Rüstəm burda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Onun limit futbolçusu olması da çempionat oyunlarında “Qarabağ”a fayda verəcək. “Qarabağ” üçün ən problemli məsələ Şahruddin Məhəmmədəliyevlə Emil Balayevin zədələnməsi idi. “Köhlən atlar” Luka Quqeşaşvilini transfer edərək bu məsələni kökündən həll etdi. Düzdü, Balayev zədəsini sağaldıb, gənc Amin Ramazanov da yavaş-yavaş komandaya uyğunlaşır. Amma Qurban Qurbanov işini ehtiyatlı tutaraq gürcü qolkiperin transferinə razılıq verdi. “Qarabağ”ın çempionatın ikinci yarısında qapıçı problemi yaşamayacağını deyə bilərik. Leandro Andradenin də keçidi yarımmüdafiə xəttindəki rəqabəti artırmağa hesablanıb. Antalyadakı yoxlama görüşlərində hiss olundu ki, portuqaliyalı hələ tam formada deyil. Amma yarımmüdafiəçi qısa zaman komandaya uyğunlaşıb, əsas heyətdə şans qazanmaq üçün mübarizə aparacaq. Ümumilikdə “Qarabağ”ın qış “transfer pəncərəsi”ndə gücləndiyini deyə bilərik. Qurbanovun sərəncamında premyer-liqa matçlarında çıxış edə biləcək iki eyni səviyyəli komanda var.
“Qəbələ”
Gələn: Patrik Robson de Souza Monteyro ("Admira", Avstriya)
Gedən: yoxdu
Heyət baxımından ən çox problem yaşayacaq klublardan biri “Qəbələ”di. Bölgə klubunun heyətində kifayət qədər zədəli futbolçu var. Yaovi Akapo, Urfan Abbasov və Rüfət Əhmədov, demək olar ki, mövsümün sonuna kimi “qırmızı-qaralar”a kömək edə bilməyəcək. Elmar Baxşıyev gənclərin xidmətindən yararlanmaqla bu boşluğu aradan qaldırmağa çalışır. Amma yenə də müdafiənin mərkəzində oynatmağa cəmi 2 futbolçu var: Murad Musayev və Ruan Renato. Urfanla Rüfət zədəli olmayanda mütəxəssis Abbasovu burda sınayırdı. İndiki halda isə İsnik Alimi mərkəz müdafiəçisi kimi çıxış edəcək. Sol cinahda Hüseyn Mürsəlov oynayacaq. Amma adı çəkilənlərdən hansısa biri zədələnsə və ya cəzalansa, “qırmızı-qaralar”ın işi çətin olacaq. “Qəbələ” üçün sevindirici məqam hücum xətti ilə bağlıdı. Bölgə təmsilçisi Patrik Robsonu transfer edib, bu mövqeni gücləndirdi. Lakin onun koronavirusa yoluxub, Antalya toplanışının son 3 günündə məşqlərə qoşulması pis oldu. Braziliyalının komandaya tez uyğunlaşması özündən və Elmar bəydən asılı olacaq. Robsonun gəlişi əsas heyətdə yerini itirməmək üçün Ülvi İsgəndərovun performansının daha da yaxşılaşmasına səbəb də ola bilər, əksi də. Ümumilikdə “Qəbələ”dən gedənlərin olmamasına rəğmən, qış fasiləsindən sonra heyətin gücləndiyini deyə bilmərik. Son 14 tur “qırmızı-qaralar” üçün çətin keçəcək.
“Neftçi”
Gələnlər: Azər Salahlı (Keşlə), Eddi İsrafilov (azad agent), Gilyerme Pato ("İnternasyonal", Braziliya) , İvan Brkiç ("Riqa", Latviya), Azər Əliyev ("Ufa", Rusiya)
Gedənlər: Fəhmin Muradbəyli ("Keşlə", icarə), Romen Bask ("Şatoru", Fransa), Sabir Buqrin ("Esperans", Tunis), Harramiz Suares, Xorxe Korrea ("Olimpiakos", Volos/Yunanıstan), Mamadu Kane (“Olimpiakos, Pirey/Yunanıstan)
Flaqman qış fasiləsində 5 futbolçu ilə gücləndi, 6 oyunçunu yola saldı. Gedənlərdən 3-ü ötən il çempion olan heyətin əsas üzvləri idi. Bu isə istər-istəməz komandaya təsir edəcək. Lakin gələnlərə baxıb, “Neftçi”nin gücləndiyini deyə bilərik. Artıq komanda yalnız 5-4-1 sistemindən asılı vəziyyətdə qalmayacaq. İvan Brkiç “Qurnik”lə oyunun 45 dəqiqəsində özünü yaxşı tərəfdən göstərərək “Neftçi”nin qapısının əmin əllərdə olduğunun siqnalını verdi. Xorvatiyalı soyuqqanlılığı ilə diqqəti çəkir. Azər Salahlı müdafiənin sol cinahında çıxış edəcək. Hər kəsə bəllidi ki, millimizin üzvü bu mövqedə ölkənin ən yaxşılarındandı. Onun gəlişi Lavalın da rahatlaşmasına səbəb olub. Artıq nigeriyalı müdafiə haqda düşünməyərək, hücumların qurulmasında iştirak edəcək. Flaqman Namik Ələskərovun gedişindən sonra yarımmüdafiənin sağında ciddi problemlə üzləşirdi. Gilyerme Pato və Azər Əliyevin gəlişi Samir Abasovun daha rahat olmasına səbəb olacaq. Patonun hücumun mərkəzində oynaya bilməsi də “Neftçi” üçün əlavə üstünlükdü. “Ağ-qaralar”ın qış fasiləsində ən yaxşı transferi Eddi İsrafilovdu desək, yanılmarıq. Yarımmüdafiəçi dayaq bölgəsində etibarlı oyun göstərir. Onun Emin Mahmudovla yaxşı anlaşması “Neftçi”nin gücünə güc qatacaq. Transferləri nəzərə alıb, paytaxt təmsilçisinin 2-ci dövrdə yaxşı çıxış edəcəyini söyləyə bilərik. Samir Abasov sərəncamında olan futbolçulardan istifadə edib, 4-5-1 düzülüşündən də yararlana bilər. Ki, bu sistem komandanın hücum potensialını daha da artırır.
“Zirə”
Gələnlər: Hamidu Keyta ("Santa Klara",Portuqaliya), Brayan Alseus ("Qaz Metan", Rumıniya)
Gedənlər: Georgi Stoilov, Velves Santos
“Qartallar” haqda konkret fikir yürütmək mümkün deyil. Rəşad Sadıqovun komandası Hamidu ilə Brayanı Antalyadan Bakıya dönərkən transfer etdi. Qardaş ölkədə yeni futbolçuların oyununu görmədiyimiz üçün konkret nəsə söyləyə bilmirik. Ümumilikdə isə “Zirə”nin premyer-liqa matçlarında oynada biləcəyi 14-15 futbolçusu var. Bu da çempionatın sonlarına yaxın komandanın yorulmasına səbəb ola bilər. “Qartallar”ın qış fasiləsində ciddi mənada güclənmədiyini söyləməliyik.
“Sabah”[/b]
[b]Gələn: Aleksandr Neçayev ("Rux", Belarus)
Gedənlər: Petar Skuletiç, Saşa Stamenkoviç
Murad Musayevin komandası “sirli qutu”du. Rəsmən bir futbolçu transfer etsələr də, baxışda daha 2 oyunçu var. Düzdü, rusiyalı Nikolay Baçko geri qaytarılıb. Braziliyalı Hiqor Qabriel isə hələ də paytaxt təmsilçisiylə anlaşmayıb. Hər iki futbolçu müdafiəçidi. Nikolay sol cinahda, Hiqor isə mərkəzdə çıxış edir. Bu futbolçular transfer olunsaydı, “tələbələr”in oyununda yüksəliş görə bilərdik. Amma bu olmasa belə, ümumilikdə Murad Musayevin sərəncamında güclü heyət var. “Sabah” çempionatın ikinci yarısında liderlərə başağrı olub, yüksək pillələr uğrunda mübarizə aparacaq.
“Keşlə”
Gələnlər: Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Franko Flores ("Real Espanya", Honduras)
Gedənlər: Anatole Abanq ("Əl-Bataeh", BƏƏ), Con Kamara, Omar Qudiabi, Nicat Qurbanov, Azər Salahlı (Neftçi), Miyuşko Boyoviç
Çempionatın ikinci yarısı “Keşlə” üçün çətin keçəcək. “Qırmızı-ağlar” cəmi 2 futbolçu transfer edib. Amma komandanın döyünən ürəyi sayılan Azər Salahlı “Neftçi”yə keçdi. Anatole Abanqın da göndərilməsi hücum potensialının zəifləməsinə səbəb olacaq. Fəhmin Muradbəyli ilə Franko Floresin gəlişi müəyyən problemləri həll edəcək. Amma hər şeyi nəzərə aldıqda “Keşlə”nin qış “transfer pəncərə”sində zəiflədiyini söyləyə bilərik.
“Sumqayıt”
Gələnlər: Vüqar Bəybalayev (azad agent), Araz Abdullayev (“Etnikos”, Cənubi Kipr), Elşən Abdullayev (Səbail)
Gedənlər: Roman Hüseynov (Kəpəz), Səid Rza
“Gənclik şəhəri” təmsilçisi hazırda sınaq dövrünü keçirir. Düzdü, “kimyaçılar” 3 yeni transfer edib. Lakin Arazın ilk yoxlama görüşündə zədələnməsi, Elşənlə Vüqarın uzun müddətdi oynamaması Aleksey Baqanın işini daha da çətinə salır. Belaruslu mütəxəssis 5-li müdafiə sistemindən 4-ə keçmək niyyətindədi. Antalyadakı yoxlama matçlarında göründü ki, “Sumqayıt” buna tam hazır deyil. Komanda premyer-liqanın ilk iki dövrəsinə nisbətən daha çox oyunçuya sahib olsa da, güclənməyib.
“Səbail”
Gələn: yoxdu
Gedənlər: Şahin Zəkiyev (Turan Tovuz), Elşən Abdullayev (Sumqayıt), Kamran Ağayev (karyerasını bitirib), Turan Manafov ("Olimpiakos", Volos/Yunanıstan, icarə)
Ən pis vəziyyət “Səbail”dədi. Komanda futbolçu transfer etməyib. Qapıda və müdafiənin sol cinahında kimin oynayacağı bəlli deyil. Düzdü, əvəzedici komandada oynayan futbolçuların xidmətindən yararlana bilərlər. Lakin bu, “dənizçilər” üçün yetərli olmayacaq. Ümumi mənzərəni nəzərə alsaq, “Səbail”in zəiflədiyini və premyer-liqanın sonuncusu olacağını söyləyə bilərik.
İLKİN SULTANLI, Antalya