Avstraliya Açıq Tennis Turnirində finalçılar müəyyənləşdi.
Yarımfinalda Matteo Berrettinini məğlub edən Rafael Nadal oyundan sonra öz skamyasına yaxınlaşaraq, göz yaşlarını gizlətmək üçün sifətini futbolkası ilə örtdü. İspaniyalı ulduz qələbəsini belə şərh etdi:
“Mənim üçün finala vəsiqə çox şey deməkdi. Berrettininin haqqını vermək lazımdı, gəncdi və ildən-ilə daha güclü oynayır. “Uimbldon”un finalında oynayıb, Avstraliyada yarımfinala yüksəldi. Matteoya hər şeyin ən yaxşısını arzulayıram, onun parlaq gələcəyi var. “Böyük dəbilqə” turnirlərində 21-ci qələbə? İndi mənim üçün vacib olan bu deyil, “Australian Open”də çıxışın özüdü. Bu möhtəşəm turnirdə bir neçə dəfə zədə sarıdan bəxtim gətirməyib. Bəzən çətin final oyunlarım olub – 2012-də Cokoviçdə və ya 2017-də Federerlə. 2009-da bu turniri qazanmağın xoşbəxtliyini yaşamışam. Ancaq düşünmürdüm ki, 2022-də yenidən qələbə şansım olacaq. Bu gün finala vəsiqədən ləzzət almağa çalışacam, bazar günü isə maksimum gücümü qoymalıyam”.
Nadal finalda Daniil Medvedevi məğlub edərsə, karyerasındakı 21-ci “Böyük dəbilqə” turnirini qazanmaqla yeni rekord müəyyənləşdirəcək. İspaniyalı hazırda Rocer Federer və Novak Cokoviç ilə birgə liderliyi bölüşür (hərəyə 20 qələbə). Xatırladaq ki, Nadal indiyə qədər yalnız bir dəfə “Australian Open”i qazanıb – 2009-cu ildə finalda Federerə qalib gəlib (7:5, 3:6, 7:6 (7:3), 3:6, 6:2).
Qadınlar arasında yarışın finalında isə Eşli Barti ilə Deniell Kollinz qarşılaşacaq. Yarımfinalda amerikalı Medison Kisi məğlub edən Barti bu turnirə son 42 ildə finala çıxan ilk avstraliyalı qadın tennisçi oldu. Sonuncu dəfə bu turnirin finalında oynayan avstraliyalı xanım Vendi Ternbull (1980) idi. Barti həmçinin karyerasında ilk dəfə hard örtükdə keçirilən “Böyük dəbilqə” turnirinin finalında oynayacaq. Dünyanın 1 nömrəli qadın tennisçisi buna qədər 2021-də “Uimldon”un (ot) və 2019-da “Rolan Qarros”un (qrunt) finalında oynayıb və hər iki halda qələbə qazanıb.
Qadınlar arasında final oyunu bu gün keçiriləcək.
yarımfinal
Kişilər
Nadal (İspaniya, 6) - Berrettini (İtaliya, 7) 6:3, 6:2, 3:6, 6:3
Medvedev (Rusiya, 2) - Sisipas (Yunanıstan, 4) 7:6 (7:5), 4:6, 6:4, 6:1
Qadınlar
Barti (Avstraliya, 1) - Kis (ABŞ) 6:1, 6:3
Kollinz (ABŞ, 27) – Sventek (Polşa, 7) 6:4, 6:1