
Messi “instaqram”da 300 milyonu keçdi
Lionel Messi “instaqram”da izləyici sayına görə 300 milyonu arxada qoyub.
Ulduz futbolçunun cümə axşamına olan göstəricisi 304 milyona bərabər olub.
PSJ-nin 34 yaşlı argentinalı hücumçusu bu münasibətlə sosial şəbəkəyə bu cümlələri yazıb: “Artıq sayımız 300 milyondu! Dəstəyinə görə hamıya əbədi minnətdaram. Sizi bağrıma basıram!”
Messi hazırda fiziki şəxslər arasında “instaqram”da izləyici sayına görə 3-cü yeri tutur. O, bu planda yalnız “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldodan (395 milyon) və model Kayli Cennerdən (306 milyon) geri qalır.
Yeri gəlmişkən, Lionel sabiq komanda yoldaşı Xerard Pikenin hərəkətindən məyus olub. Artıq onlar arasında isti münasibətlərdən söhbət gedə bilməz. Bu haqda ispaniyalı jurnalist Luis Kanut TV-3 kanalındakı “Onse” verilişində bildirib. Onun sözlərinə görə, Pike Xordi Alba ilə Serxi Busketsdən fərqli, Messinin “Barselona”da qalması üçün maaşının azaldılmasına razı olmayıb: “Pikenin yalnız Messi gedəndən sonra klubla yeni müqavilə bağlaması argentinalıya pis təsir edib. Lionel hesab edir ki, Xerard onu satıb. Pike Messi PSJ-yə gedənə qədər “Barselona” ilə müqavilənin müddətini uzatmırdı. Messinin fikrincə, onun komandada qalması üçün Pike maaşının azaldılması şərti ilə yeni sözləşməyə daha tez razılıq verə bilərdi”.
Xatırladaq ki, Messi PSJ ilə ötən ilin yayında azad agent kimi müqavilə bağlayıb. Onun doğma klubu “Barselona”da qalması La Liqada “maliyyə feyr-pleyi” ilə bağlı qaydalara görə mümkün olmayıb. İspaniya klubunun çətin maliyyə vəziyyətinə düşməsinə görə bir neçə ən ödənişli futbolçunun maaşının azaldılmasına razılaşması vacib idi.