Ötən bazar “Alaves”ə çətinliklə qalib gələn (1:0) “Barselona” La Liqanın turnir cədvəlində 5-ci yerə yüksəldi və indi “ÇL zonası”ndan yalnız 1 xal geridədi.
Xavi oyundan sonra veteranları təriflədi və bir qədər də filosofluq etdi: “Asan vəziyyətdə deyilik. Əziyyət çəkmək lazımdı və biz bu gün bunu necə etməli olduğumuzu öyrəndik. Qızıla bərabər 3 xal qazandıq. İndi oyunçularda özünəinam yoxdu. Onları əhatə edən şeylər bəzən ziyan vurur. Alba, Buskets və Pikeni tənqid edirlər, ancaq onlar əla oyun keçirdilər. “Barsa”nın futbolkası istənilən başqa klubla müqayisədə 20 kiloqram ağırdı. Frenki de Yonq yaxşı təsir bağışladı. Bu gün günəş çıxdı”.
Daha bir titul əldən çıxdı
• “Barsa” ötən həftə İspaniya kubokundan ələndi və 4 mümkün mükafatdan ikincisini qazanmaq şansını da itirdi. Xavi oyundan sonra “iflas” sözünü xoşlamadığını bildirdi: “Bu söz xoşuma gəlmir. Hətta iflas varsa da, bundan nəticə çıxarmalıyıq. Sona qədər aparacağımız daha iki savaş qalır: La Liqa və Avropa Liqası”.
Kataloniyalılar buna qədər Superkubokdan da əlini üzmüşdülər. Amma əvəzində Xavinin fikrincə, komplekslərdən qurtuldular: “Məyusam. “Real”la oyunumuzun ilk 20 dəqiqəsində komplekslər görünürdü. Yaxınlardakı oyunlar və nəticələr haqda düşünürdük. Ancaq komplekslərdən qurtulandan sonra yaxşı oynamağa başladıq, sonda, ümumiyyətlə, oyunun axarına nəzarət etdik. Dəmir pulu yerə atsaydıq və “Barsa”nın üzü gülsəydi, heç kim heç də deməzdi, ancaq rəqibin bəxti gətirdi. Düşünürəm ki, biz doğru yoldayıq. Turnirlə vidalaşdıq, ancaq komplekslərdən də qurtulduq”.
• 2022-nin lap əvvəlində “Barsa”da koronavirus pandemiyası və zədələr tüğyan etdi – qəzəblənən Xavi “Malyorka”ya qarşı oynamaqda bir məna görmürdü: “Komanda ekstremal vəziyyətdədi – 17-18 futbolçunun xidmətindən məhrumuq. Cəzalılar var, 6 futbolçu zədə üzündən oynamır. Belə vəziyyətdə niyə oynayaq ki? Onsuz da 3 xal üçün oynamağa çalışacağıq, çünki qələbəyə ehtiyacımız böyükdü”.
Kataloniyalılar həmin oyunda qalib gəldi (1:0).
• Bundan bir neçə həftə əvvəl baş məşqçi Qavinin yeni müqaviləsinə vurğunu yönəltmişdi: “Biz onunla müqaviləni indi uzatmalıyıq. Lazımdısa, Qavi ilə müqavilə müddətini uzatmaq üçün atışaq. Bu tipli oyunçunu itirə bilmərik. O, gələcək komandamızın əsası olmalıdı. Qavi necə mübarizə aparır, təhlükəli vəziyyətlər yaradır! Adamı heyran edir, “Barsa”nın gələcəyidi”.
• “Barsa”nın Çempionlar Liqasından uçmasını Xavi qəzəblə qarşıladı, ancaq olaya düzgün qiymət verə bildi: “Acıqlıyam, indiki reallıq məni qəzəbləndirir. Bundan sonra nə edəsən... Bu gün yeni era başlayır. Biz sıfırdan başlayırıq”.
• ÇL-də mübarizəni dayandırana qədər də gözəl danışırdı. Baş məşqçi “Vilyarreal” üzərindəki çətin qələbədən (88-ci dəqiqədən sonra iki qol vurmaqla 3:1) sonra maraqlı müqayisəyə əl atmışdı: “Çox əla komandaya qarşı oynadıq. Oyun çətin alındı, gözlədiyimizdən daha az dərəcədə dominantlıq etdik. Ancaq Depayın vurduğu qolda və penaltidə bəxtimiz gətirdi. Bu 3 xal qızıla bərabərdi, çünki ilk səfər qələbəmizdi. Müqəddəs su effektinə bənzəyir. Bəxtin gətirmədən heç nə etmək olmaz, ancaq “Vilyarreal” bu gün məğlubiyyətə layiq deyildi”.
• “Barsa”da işə isə yumorla başlamışdı: “Mən burdan yalnız Messini yox, Eto’О və Ronaldinyonu da məşq etdirmək arzusu ilə ayrılmışdım. Ancaq daha heyətdə olmayanlar haqda düşünə bilmərik. Əlimin altında olanlarla işləmək lazımdı”.
“Barsa”da hamının bildiyi ifadə hansıdı?
Xavinin daha bir ifadəsi var ki, azarkeşlər və media faktiki hər oyundan sonra onu eşidir. Hətta bu ifadəni müxtəlif versiyalarda, lağ obyekti kimi işlədənlər də var. Söhbət Xavi ilə yanaşı, Xuan Laportanın və bəzi oyunçuların da dilindən çıxan ifadədən gedir. Məsələn, baş məşqçi “Real”la Superkubokun yarımfinal oyunundan əvvəl deyir: “İrəlidə bizi çətin oyun gözləyir, ancaq biz doğru yoldayıq. Hədəfimiz Çempionlar Liqasına vəsiqə qazanmaqdı”.
Sadəcə, maraq üçn klub prezidenti Xuan Laportanın da fikirlərinə diqqət yetirək: “Çox gənc oyunçulardan ibarət komanda qururuq. Onların parlaq indisi və böyük gələcəyi var. Ferran Torres kimi futbolçularla doğru yolda olduğumuza əminəm”.