Hazırda Misir yığmasının heyətində Afrika Millətlər Kubokunda çıxış edən ''Qalatasaray''ın hücumçusu Mustafa Məhəmədlə bağlı maraqlı xəbər yayılıb.
"Football-plus.az" saytının məlumatına görə, Misirdə sınaq imtahanlarında 24 yaşlı futbolçunun əvəzinə onun yaxın dostunun iştirak etdiyi məlum olub. Hadisə Abu El Nomrasdakı təhsil müəssisəsində baş verib. İmtahanın hansı ixtisas üzrə keçirildiyi haqda məlumat verilməsə də, məlum olub ki, Məhəmədin yerinə orda onun dostu iştirak edib. Yığma komandanın heyətində olduğu üçün imtahandan kənar qalmaq məcburiyyətində qalan istedadlı forvard çarəni ora dostunu göndərməkdə görüb. Dostunun adı açıqlanmasa da, həmin şəxsin həbs olunduğu iddia edilir. Misirin gündəlik ''Al-Masry Al-Youm'' nəşrinin məlumatına inansaq, həbs olunan şəxs hər şeyi etiraf edib. Amma o, bu hərəkəti Mustafanın təhsilinin yarımçıq qalmaması üçün etdiyini bildirib.
Hərçənd dünən AMK-nın 1/8 finalında Kot d'İuvarla qarşılaşan Misir yığmasında Məhəməd guya komanda yoldaşlarına bu olaydan heç bir məlumatının olmadığını və həmin şəxsi tanımadığını deyib. Amma turnirin ardından onun Misirə yollanaraq hadisə ilə bağlı ifadə verəcəyi qeyd olunur. Bununla belə, vətənində çox populyar olan futbolçuya hansısa cəza verilməsi gündəmdə deyil. Ölkənin təhsil nazirliyinin əməkdaşlarının Məhəmədlə əlaqə quraraq ona yeni imtahanın vaxtını deyəcəkləri gözlənilir. Qısaca xatırladaq ki, bu futbolçu 2021-ci ilin yanvarından ''Qalatasaray''ın şərəfini qoruyur.
Daha öncə müqavilə ilə ''Zəmələk''ə məxsus olan və 1 ay öncə daimi əsasda ''Cim-Bom''un oyunçusuna çevrilən Məhəməd indiyə qədər İstanbul nəhəngində 46 rəsmi oyunda 14 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.