Acun Ilıcalı, nəhayət, gözlənilən addımı atdı.
Ötən həftə 20 milyon funt sterlinqə, yəni təxminən 24 milyon avroya ''Hall Siti''ni satın alan ünlü türkiyəli şoumen klubun baş məşqçisi Qrant Makkanı istefaya göndərdi! Acunun bu vəzifəyə Şota Arveladzeni gətirmək istədiyi və onunla anlaşma əldə etdiyi çoxdan məlum idi. Gürcü mütəxəssis üçün artıq işçi vizası da hazırlanıb və bu təyinatın qarşıdakı günlərdə rəsmən açıqlanacağı gözlənilir. Makkanın istefaya göndərilməsi ''Hall Siti'' fanatları arasında birmənalı qarşılanmayıb. Çünki klub çempionşipdə hər nə qədər aşağı pillələrdə var-gəl etsə də, son iki matçda ilk ''3-lük''də qərarlaşan kollektivləri - ''Blekbern''i (evdə 2:0) və ''Bornmut''u (səfərdə 1:0) yenmişdi. Ilıcalı bu addımını İngiltərə mətbuatına belə əsaslandırıb:
''Klubun mənə təslim edildiyi çətin dönəmdə Qrant çox yaxşı işlər gördü və buna görə də ona minnətdarlığımı bildirirəm. Bu çətin şərtlərdə Qrant həmişə peşəkarlığını və motivasiyasını qoruyaraq qələbələr əldə etdi. Əminəm ki, növbəti klubunda uğur qazanacaq. Amma bu dönəmin dəyişiklik üçün ən uyğun zaman olduğunu düşünürəm. Layihəmiz istədiyimiz kimi başlamalıdı ki, sonrakı nəticələr də uğurlu olsun. Ona görə də güvəndiyim bir məşqçini klubun başına gətirmək istəyirəm. Bəlkə də bu addımı məhz indi, ardıcıl iki qələbədən sonra atmağım kimlərəsə qəribə görünə bilər. Amma məşqçini dəyişmək üçün 1 məğlubiyyəti gözləsəydim, özümə və kluba qarşı dürüst olmazdım. Həm də bunun heç kimə faydası olmayacaqdı. Fanatlara qarşı hər zaman şəffaf davranmaqda davam edəcəm. Yeni məşqçini yaxın günlərdə açıqlayacağıq''.
Qeyd edək ki, futbolçu kimi uzun illər İngiltərənin aşağı liqalarında top qovmuş və məşqçiliyə 2015-də başlamış 41 yaşlı Makkan ''Hall Siti''nin başına 2019-un yayında Naycel Edkinsin istefasından sonra gətirilmişdi. Komanda onun başçılığı altında 2019/20-ni bərbad keçirərək 24-cü, yəni sonuncu pilləni tutmuş və 3-cü diviziona yuvarlanmışdı. Buna baxmayaraq, o dönəmdəki rəhbərlik məşqçiyə güvənməkdə davam etmişdi. ''Hall Siti'' 2020/21-də daha çox 1-ci liqa kimi tanınan 3-cü divizionda çempion olaraq yenidən çempionşipdə mübarizə aparmaq haqqı qazanmışdı. Bu, ''Hall Siti''nin son 55 ildə qazandığı ilk titul olmuşdu. Amma bu mövsüm komanda qeyri-sabit çıxış edirdi. Yuxarıda qeyd etdiyimiz 2 ardıcıl qələbədən öncə ''Hall Siti'' 5 matçda qalib gələ bilməmiş və kubokda da ''Everton''a uduzaraq mübarizəni dayandırmışdı. ''Pələnglər'' hazırda 27 oyuna topladıqları 29 xalla 19-cu pillədə qərarlaşıblar və düşmə zonasından 9 xal irəlidədilər.
Yeri gəlmişkən, “Hall Siti”nin bütün borclarını ödəyərək premyer-liqa rəhbərliyi tərəfindən kluba verilmiş transfer qadağasının qaldırılmasına nail olan Acun artıq bütün diqqətini transferlərə yönəldib. ''Fənərbaxça''dan iranlı forvard Allahyar Səyyadmaneşin keçidi hər an rəsmən açıqlana bilər. Amma Ilıcalının 12 qolla hazırda superliqada bombardirlər yarışına başçılıq edən ''Fatih Karagümrük''lü Aleksandar Peşiçi ''Hall Siti''yə gətirmək cəhdi uğursuz alınıb. Serbiyalı forvard ailəsi ilə məsləhətləşdikdən sonra İstanbulda xoşbəxt olduğunu deyib. Həyat yoldaşı hamilə olduğu üçün futbolçu İstanbulda qalmağa qərar verib. Peşiçin ''Fənər''ə keçə biləcəyi haqda xəbərlər var. Türkiyə mətbuatının yazdığına inansaq, Acun indi də diqqətini ''Sivasspor''lu Maks Qradel və ''Fənər''lı Dimitrios Pelkasa yönəldib.
Əli Raufoğlu, "Futbol+" qəzeti üçün