“Barselona”nın hücumçusu Ansu Fati əməliyyatdan imtina edib.
19 yaşlı futbolçu konservativ müalicəyə üstünlük verib. Fati və ailəsi bir neçə gün ərzində baş məşqçi Xavi Ernandes və həkim Rikard Pruna da daxil olmaqla klubun müxtəlif təmsilçiləri ilə görüşüblər. Hər iki mütəxəssis Ansunun əməliyyat olunmasını istəyib. Ona daha əvvəl Usman Dembeleni əməliyyat etmiş Finlandiyadakı mütəxəssislərin xidmətindən yararlanmaq tövsiyə edilb. Fati əməliyyata razılıq versəydi, təxminən 4-6 ay ərzində futbol oynaya bilməyəcəkdi. Konservativ müalicə ilə bərpa müddəti isə çox qısadı: futbolçu bu halda sıraya dönmək üçün təxminən 6-8 həftə gözləməli olacaq.
Futbolçu klubunun mövqeyinə baxmayaraq, konservativ müalicəyə üstünlük verib. O, İspaniya kubokunun “Atletik”lə matçında (2:3) aldığı zədəni etibar etdiyi mütəxəssislərlə sağaldacaq. Rəhbərlik qərarını dəyişməsi üçün hücumçuya təzyiq etmək niyyətində deyil. Qeyd edək ki, Fati bu mövsüm zədə səbəbi ilə La Liqada yalnız 5 oyunda meydana çıxıb və 3 qol vurub.