Hələ ötən ilin sonunda Sərdar Azmunun Fransada oynayacağı haqda xəbərlər səngimirdi.
Onun “Zenit”i “Lion”a dəyişəcəyi gözlənilirdi, lakin...
2019-cu ilin fevralından sıralarında olduğu Rusiya klubu ilə müqaviləsini yeniləmək istəməyən iranlı futbolçu son günlər “Yuventus”un da maraq dairəsinə düşmüşdü. Ancaq Azmun karyerasını Almaniyada davam etdirəcək. O, artıq “Bayer-04” ilə anlaşıb. 27 yaşlı hücumçu 5 illik müddətə anlaşdığı Leverkuzen klubuna azad agent kimi yayda qoşulacaq. Sərdar “Zenit”in formasında Rusiya çempionatında 79 oyunda iştirak edərək 52 qol vurub. Onun bu klubla üç dəfə ölkə çempionu olduğunu, bir dəfə Rusiya kubokunu və iki dəfə ölkə superkubokunu qazandığını da xatırladaq.
Artıq Almaniya klubu ilə müqaviləni rəsmiləşdirən futbolçu “Bayer-04”ün rəsmi saytına açıqlama da verib:
Sərdarın bir hərəkəti ilə aləmi bir-birinə qatdığını da deməliyik. Məsələ ondadı ki, iranlı futbolçu növbəti klubu ilə müqavilə bağlamaq üçün Almaniyaya yollanarkən “Zenit”in qaldığı oteli rəhbərliyə bildirmədən tərk edib. Onun belə özbaşınalığı isə klubda çox pis qarşılanıb. Son günlər Azmunun bir neçə sanksiya ilə üzləşə biləcəyi haqda xəbərlər dolaşır. Rusiya mediası rəhbərliyin tibbi reqlamenti pozduğu üçün onu ikinci komandaya yollamağı düşündüyünü qeyd edir. Digər iddiaya görə, səbəbkar 50 min avrodan çox cəriməyə məruz qalacaq.
İş o qədər ciddiləşib ki, Sankt-Peterburq klubu hətta “Bayer-04”dən futbolçunu bu ay sıralarına qatmağı istəyib. Bunun üçün isə qarşı tərəfdən 10 milyon avro tələb edib. Lakin “Kikker” nəşri leverkuzenlilərin bu tələbi qəbul etmədiyini xəbər verib. Bu mənbə Almaniya klubunun Sərdarın xidmətindən yalnız növbəti mövsümdən yararlanmağı planlaşdırdığını yazıb. Hətta Lukas Alario ehtimal olunduğu kimi, təxminən 7 milyon avroya satılacağı halda belə, bu məbləğ Azmunun transferi üçün sərf edilməyəcək. “Kikker” keçidin bu ay baş tutması üçün “Zenit”in maliyyə tələbini hardasa 5 milyon avroya qədər azaltmasının vacib olduğunu da bildirir. Ancaq bu ehtimalın reallaşacağı inandırıcı görünmür