Hazırda Keniya yığmasını çalışdıran Engin Fırat Türkiyə mətbuatına açıqlamalar verib.
Qeyd edək ki, futbolçu karyerası uğursuz olan Fırat məşqçiliyə 1997-də 27 yaşında ''Samsunspor''da çexiyalı Yozef Yarabinskinin köməkçisi kimi başlayıb. 51 yaşlı mütəxəssis digər türkiyəli məşqçilərdən fərqli daha çox başqa ölkələrdə işləməyə can atır. 2002/03-də ''Fənərbaxça''da Verner Lorantın köməkçisi olan Fırat Almaniyada, Cənubi Koreyada və İranda işləyib. 2019-21-ci illərdə Moldova yığmasının başında olan məşqçi ötən ilin sentyabrından Keniyanı çalışdırır. Fırat karyerasından və gələcək planlarından danışaraq bunları deyib:
''Hər bir insanın həyatda hədəfləri var. Başqa məşqçilərimizin yolu ilə getmək istəmədim. Qeyri-adi bir karyeraya sahib olmaq istədim. Ona görə də heç vaxt qarşıma superliqada işləmək hədəfi qoymamışam. Türkiyəli məşqçilər beynəlxalq arenada çox da görünmürlər. Əslində Afrikada işləyəcəyim ağlıma gəlməzdi. Qətər klubları ilə danışıqlar aparırdım. Amma bu variant ortaya çıxandan sonra mənə maraqlı gəldi. Afrika təcrübəsi də yaşamaq istədim. DÇ-2022-nin seçmə mərhələsi uğursuz alındı. Amma burdakı işimi davam etdirəcəyimi istisna etmirəm. Ən böyük hədəflərimdən biri DÇ-yə qatılmaqdı. Ümidim tükənməyib. Çünki danışıqlar apardığım bir komanda var. Türkiyədən, təbii ki, təklif almışam. Ad açıqlamaq istəmirəm. Türkiyədə bir klubda 4-5 dəfə işləyən məşqçilər var. Bu durum mənə və xarakterimə ziddi. Çünki getdiyim yerdə iz buraxmaq istəyirəm. Türkiyədə iz buraxa bilməyim üçün mənə inandığım bir layihə təklif olunmalıdı. Türkiyədə klublar yalnız hədəf qoyurlar və məşqçiyə ''gəl bunu et'' deyirlər. Yaxşı, gəldim. Bəs necə edim? Nə ilə edim? Hətta sizə deyim ki, Türkiyədə uğur qazanmaq başqa ölkələrlə müqayisədə daha asandı. O mənada ki, Türkiyədə hamı günlük uğurlarla kifayətlənir. Yəni güclü bir layihə olsa, uzunmüddətli uğur qazanmaq ehtimalı yüksəkdi. Türkiyəli məşqçilərin lobbisi yoxdu. Bizim beynəlxalq arenada uğur qazanmağımız üçün mütləq nəticələr yaxşı olmalıdı və başqalarından seçilməliyik. Fikrimcə, mən bu işdə az-çox irəliləməyi bacarmışam. Çünki dünyanın az qala hər nöqtəsindən təkliflər alıram. Türkiyənin bəzi klublarında olan baza və şərait heç Avropa klublarında da yoxdu. Bəzi klublarımızda isə əksinə, şərait pis olsa da, nəticə qazanmağı bacarırlar. Məsələn, ''Fatih Karagümrük''ü götürək. Onların bazası yoxdu. Amma oyunçu seçimini düzgün etdikləri üçün yaxşı komandaları var. Üstəlik transferlərə də çox az pul xərcləyirlər. Yəni planlaşdırma və layihə düzgün olanda uğur qazanmaq şansı artır. Mənim də Türkiyədə işləməyim üçün layihəsi ilə seçilən bir komanda olmalıdı. Karyeramda ən çox şey öyrəndiyim məşqçi Yozef Yarabinskidi. 1990-cı illərin sonlarına yaxın Türkiyədə bir neçə klubu çalışdırıb. O dönəmdə hamı onu sərt insan kimi tanısa da, texnologiyaya və öyrənməyə meyilli məşqçi idi. Mənə yol göstərən məhz o olub. Lisenziya almaqla iş bitmir. Üzərində çalışmalı və hər gün yeni şeylər öyrənməyə cəhd etməlisən. Dünya və zaman bir yerdə dayanmır. Məşqçinin xarakteri və oyunçularla ünsiyyət səviyyəsi də mühüm rol oynayır''.