Kamerun – Komor adaları matçından əvvəl “Olembe” stadionu ətrafında izdiham yaşanıb.
Nəticədə insan faciəsi baş verib...
Yerli mənbələrin yaydığı xəbərdə basırıq nəticəsində 8 nəfərin öldüyü və təxminən 50 azarkeşin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Rəsmi məlumata görə, paytaxt Yaundedəki oyunu təxminən 50000 tamaşaçı izləyib. Qeyd edək ki, “Olembe” stadionunun tutumu 60000 yerlikdi. Yerli hökumət koronavirusla bağlı məhdudiyyətlərə görə arenanın oturacaqlarının 80 faizinə bilet satışına icazə verib.
Afrika Futbol Konfederasiyası (AFK) faciə ilə bağlı təhqiqata başlayıb. Kamerun hökuməti və AMK-nın Təşkilat Komitəsi ilə daimi təmasda olduğunu bildirən AFK-nın baş katibi Veron Mosenqe-Omba xəstəxanadakı azarkeşlərə baş çəkib. Təşkilatın prezidenti Patris Motsene isə qitə çempionatında fövqəladə vəziyyət elan edib: “Belə insidentlərin təkrarlanmaması və azarkeşlərin təhlükəsizliyinin təmini üçün turnirdə fövqəladə vəziyyət elan olunur. Çünki fövqəladə tədbirlər görülməlidi. Biz əsas diqqətimizi koronavirusla bağlı çətinliklərlə mübarizəyə yönəltmişdik. Lakin AFK eyni zamanda hər bir azarkeşin təhlükəsizliyinin təminatına görə məsuliyyət daşıyır. Və buna görə təcili tədbirlər görməliyik”.
Əlavə edək ki, “Olembe” stadionu 1/4 finalın bir oyununu qəbul etməli idi. Amma AFK bu arenada keçirilməli olan matçın paytaxt Yaundedəki digər idman qurğusunda – “Ahmadu Ahico”da təşkilinə qərar verib.