Dekabrın ortalarında ''Fənərbaxça''dan qovulduqdan sonra hələ də işsiz olan Vitor Pereyra İngiltərədə qalmaqala səbəb olub.
Məsələ burasındadı ki, Rafael Beniteslə yollarını ayırdıqdan sonra ''Everton''un başına keçməyə namizədlərdən biridi. Portuqaliyalı mütəxəssis mersisaydlıların sahibi Fərhad Moşiri ilə görüşdə öz planları və layihələri ilə onun diqqətini çəkməyi bacarıb. Ona görə Moşiri digər namizədlər Ueyn Runi və Frenk Lempardla müqayisədə üstünlüyü məhz Pereyraya verir. Amma klubun digər yönəticiləri və ən əsas də fanatlar birmənalı şəkildə bu məşqçinin təyinatının əleyhinədir.
Pereyranın son illərdə işlədiyi klublarda uğur qazana bilməməsi və 2017-də ''Münhen-1860''ın 3-cü bundesliqaya yuvarlanmasına mane ola bilməməsi onu fanatların gözündən salıb. Son 2 gündə ''Everton'' azarkeşləri etirazlarını ən müxtəlif formalarda bildiriblər. Srağagün onlar Liverpul sahilində Moşiriyə aid binalara rəhbərliyə qarşı pankartlar asıblarsa, dünən ''Qudison Park'' stadionunun divarlarını ''Pereyra rədd ol'' cümləsi bəzəyib. Şaiyələrə inansaq, Moşirinin Pereyranı klubun başına gətirmək istəməsinin səbəblərindən biri bu məşqçinin meneceri ilə yaxşı münasibətdə olmasıdı. Fanatlar daha çox Lempardın namizədliyini dəstəkləyirlər. ''Çelsi''dəki uğursuz dönəmdən sonra karyerasında yenidən yüksəlişə keçmək istəyən Lempard özü də ''Everton''a gəlməyin əleyhinə deyil.
Bu arada Pereyra İngiltərə mətbuatına açıqlamasında ''Everton''da böyük məmnuniyyətlə çalışacağına işarə vuraraq azarkeşlərin ona olan etirazına da münasibət bildirib:
Pereyra ''Everton''da qalmaqala səbəb oldu
''Təbii ki, ''Everton''da çalışmaq istəyirəm. ''Qudison Park''da bir oyun izləmək və fanatların yaratdığı ab-havanı görmək məni məşqçiliyə gətirən amillərdən biridi. Fanatlar məni tanımadan etiraz edirlər. Amma təzyiq altında işləməyə çoxdan alışmışam. Təzyiq mənim üçün bir yaşam forması və motivasiyadı. Hər şeyə rəğmən ''Everton''da işləmək istəyirəm və rəhbərliyin cavabını gözləyirəm. Həyatım futboldan ibarətdi və bir gün mütləq İngiltərədə işləyəcəyimə əminəm''.