Azərbaycan premyer-liqasında qış fasiləsi başa çatmaq üzrədi.
Tezliklə elita təmsilçiləri təlim-məşq toplanışını, hazırlığı tamamlayacaq və futbol həyəcanı yaşıl meydanlara dönəcək. Bizim çempionatla maraqlanan, premyer-liqa klublarına azarkeşlik edənlər qış fasiləsinin başa çatmasını səbirsizliklə gözləyirdi. Bu dəfə həyəcana həyəcan qatmaq üçün səbəb də var idi. Əvvəlcədən elan olunmuşdu ki, 2022-ci ilin fevralından Azərbaycan premyer-liqasının oyunlarında VAR sistemi tətbiq ediləcək. Ötən ilin avqustunda keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bu barədə qərar verilmişdi. Komitənin avqustun 16-da baş tutan toplantısında qəbul olunan qərarların birincisi elə VAR-la bağlı idi. Sitat:
“Azərbaycan premyer-liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/22 mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun”.
Həmin qərarın qəbul edilməsindən bir neçə gün əvvəl Hakim və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Stuxlik də VAR sisteminin vacibliyini vurğulamış və qısa müddətdə onu tətbiq edəcəklərinə işarə vurmuşdu: “Ən böyük arzularımızdan biri bütün qarşılaşmaların ədalətli oyun ruhunda keçməsi, qəbul olunan qərarların düzgün olmasıdı. VAR sisteminin tətbiq olunması ilə bağlı işlərimiz davam edir və mümkün qədər qısa zamanda sistemin tətbiqinə çalışacağıq”. Belə yerdə adamın yadına atalarımızın “xoruz yox idi, səhər açılmırdı” məsəli düşürdü. İllərdi Azərbaycan premyer-liqasında qarşılaşmaları izləyirik, hakim idarəçiliyinə göz qoyuruq. Səhvləri heç kim inkar etmir. Amma yaxşı başa düşürdük ki, bizim futbolumuzun VAR-dan daha böyük və zəruri ehtiyacları var. Əvvəlcə onların həllinə çalışmaq lazımdı. Elə sırf hakimliklə bağlı həllini gözləyən yetərincə ciddi məsələlər var. Fakt odu ki, Xaqani Məmmədovun uzaqlaşdırılmasından sonra AFFA hakimliyə başçılıq edəcək normal yerli kadr tapa bilmir. Hər namizədin 5-6 eybi üzə çıxır, məcbur qalırlar eyiblərinə kor olsunlar. Yapışırlar əcnəbi Stuxlikin ətəyindən. Ona ayda bir ətək pul ödəyirlər. Ortada isə bu pulların qarşılığında heç nə yoxdu.
Təkcə Azərbaycanın yox, SSRİ məkanının ən istedadlılarından sayılan və böyük gələcək vəd edən hakimlərindən biri Əliyar Ağayev neçə ildi yerində sayır. Birinci kateqoriyaya yüksəlməsini toy-bayram etdiyimiz həmyerlimiz yavaş-yavaş UEFA tərəfindən unudulmaqdadı. Hər ilin bu vədəsində UEFA Ağayevi perspektivli hakim kimi elit təbəqənin təlim-məşq toplanışına çağırardı. Zənnim məni aldatmırsa, bu qış ona həmin dəvət gəlmədi. Ağayevin davamçısı, onun uğurlarını təkrarlayıb ondan da irəli keçəcək hakimimiz kim olacaq? Yoxdu, əziz dostlar. Çox təəssüf ki, yoxdu. Nə Əliyarın davamçısı gəlir, nə də Rəhimin. VAR söhbətini ortaya atanlar hakimlər üçün normal təlim-məşq toplanışları, əvəzsiz təcrübə rolu oynayan xarici səfərlər təşkil edə bilmir. İllərdi yazdıq-dedik, nəhayət, hakimlərlə peşəkar müqavilələr bağlandı. Amma bunu da elə bir vaxtda etdilər ki, ədalət təmsilçilərinin sırası xeyli seyrəlib, gələcəyə nikbin baxmaq üçün əsas tapmaq olmur. Rəhim Həsənov, Rza Məmmədov kimilər yaşıl meydanı tərk edib. Gün gələcək Əliyar Ağayevlə Rauf Cabbarov da gedəcək. Onların yerinə kim gələcək? Elçin Məsiyev?!
Görünən o idi ki, adamların dərdi hakim yetişdirmək yox, VAR sistemini Azərbaycana gətirmək, daha doğrusu, bunun üçün külli miqdarda pul vəsaitinin ayrılmasına nail olmaq idi. Bunu da bacardılar. VAR layihəsi üçün 500 min dollar ayrıldı. Sözsüz, başqa layihələrdə olduğu kimi, burda da pulun hardan gəlib hara getməsinə nəzarət etmək müşkül məsələdi. Ən qəribəsi isə 500 min dolların ayrılmasından və AFFA İcraiyyə Komitəsinin VAR-ın tətbiqi ilə bağlı qərar verməsindən sonra baş verdi. Bu dəfə cənab Stuxlik valı tərsinə oxudu. Avstriyalı sədr müsahibələrinin birində Azərbaycanda VAR sisteminin tətbiqinə elə də ciddi zərurət olmadığını demişdi. Bərəkallah ustadına. Bəs biz aylardı, illərdi bunu demirdik?! Barmağımı hələ o zaman dişləmişdim. Şübhələnmişdim ki, işin içində nəsə var. Zənnimiz bu dəfə də bizi yanıltmadı. Əvvəlcə elə Stuxlikin özü VAR-ın fevralda tətbiq olunmayacağının ismarıcını verdi. Sonra da AFFA bu ehtimalı təsdiqlədi. Səbəbini də atdılar koronavirus pandemiyasının boynuna:
“VAR sistemində istifadə olunan çiplər daha çox Almaniya və Çində istehsal olunur. Təəssüf ki, dünyanı ağuşuna alan pandemiya həmin çipləri istehsal edən müəssisələrin də fəaliyyətinə təsir göstərib. Hazırda onlar işlərini dayandırıblar”. Belə çıxır, bütün dünyada VAR-dan yararlanan ölkələr çipsiz qalacaq? Nəsə ağlım bir şey kəsmədi. VAR-ımız olmasa da, bu işə xərcləmək üçün 500 min dollar pulumuz var. Əsas puldu, qalan şeylər onsuz da düzəlməyəcək!
AMAL