Kosovo yığması ilə bağlı iki xəbər yayılıb. Hər iki xəbərdə türkiyəli isimlərin adları hallanır.
Belə ki, Kosovonu çalışdırmağa namizəd olan məşqçilərdən biri Ərsun Yanaldı. Bu xəbəri ''Kosovan Footy'' saytı yayıb. Təcrübəli mütəxəssis ən son ''Antalyaspor''u 327 gün çalışdırdıqdan və kubokun finalı da daxil olmaqla 46 rəsmi oyuna çıxdıqdan sonra bu mövsümün 8-ci turunda istefaya göndərilmişdi. 2013/14-də ''Fənərbaxça''nı çempion etmiş və 3 aydan çoxdu işsiz olan Yanal daha öncə ''Dənizlispor'', ''Ankaragücü'', ''Gənclərbirliyi'', ''Manisaspor'', ''Trabzonspor'' və Türkiyə yığmasını da çalışdırıb.
Bundan başqa Kosovo türkiyəli qapıçı Okan Kocuka da maraq göstərir. Bu mövsüm öz oyunu ilə diqqət çəkən 26 yaşlı əlcək sahibinin əsli kosovoludu. Türkiyə yığmasında oynamadığı üçün onun Kosovonu seçmək şansı var. Türkiyə mətbuatının iddiasına görə kosovolular bir neçə il öncə də Okanla təmas quraraq ona öz yığmalarını seçməyi təklif etmişdilər. Amma qapıçı o vaxt Türkiyə yığmasına çağırıla biləcəyinə inandığı üçün təklifi geri çevirmişdi. Okanın bu dəfəki təklifə necə cavab verəcəyi bəlli deyil. Xatırladaq ki, müqaviləylə ''Qalatasaray''a məxsus olan Okan Kocuk icarə əsasında ''Girəsunspor''un şərəfini qoruyur.
Bu mövsüm 4 penalti qaytarması ilə diqqət çəkən qapıçı superliqada 20 qarşılaşmada 22 top buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb. Musleranın zədələnməsindən sonra qapıda ciddi problemlər yaşayan ''Qalatasaray'' Okanı artıq bu qış geri qaytara bilmək üçün ''Girəsunspor''la danışıqlar aparır.