“Sumqayıt”ın Antalyada təlim-məşq toplanışını başa vurub vətənə qayıtdığından xəbəriniz var.
Onu da bildirmişdik ki, “kimyaçılar” Türkiyədə olduğu müddətdə iki müdafiəçini sınaqdan keçirir. Ancaq Cənubi Azərbaycandan olan Rza Əliyari və Ukraynadan dəvər olunan soydaşımız Emin Səfixanovun performansı baş məşqçi Aleksey Baqanı razı salmadığından hər iki futbolçu geri göndərilib.
Bu bilgini “gənclik şəhəri” təmsilçisinin idman direktoru Zamiq Hüseynovdan aldıq. “Football-plus.az” saytına açıqlama verən klub rəsmisi transfer məsələsində tələsmək istəmədiklərini, transfer xatirinə transfer etmək istəmədiklərini bildirdi. Bundan başqa, Zamiq bəy zədəli olan Əli Qurbani və Araz Abdullayevin də durumu barədə məlumat verdi:
SƏNƏM FƏRHADOVA
“Sumqayıt” yeni futbolçuların yolunu gözləyir
“Qış transfer dönəmində 3 futbolçunu – Araz Abdullayev, Vüqar Bəybalayev və Elşən Abdullayevi heyətimizə cəlb etmişik. Antalya toplanışına baxışdan keçmək üçün iki oyunçu dəvət etmişdik. Ancaq nə Rza Əliyari, nə də Emin Səfixanov məşqçilər korpusunun etimadını doğrultdu və bu üzdən hər ikisini yola saldıq. Bildiyiniz kimi, “transfer pəncərəsi” fevralın 5-nə kimi açıqdı. Qarşıdakı günlərdə, ola bilsin, yeni oyunçuları sınaqdan keçirdik. Axtarışlarımız davam etdiyindən “yeni transfer olmayacaq” deyə bilmərəm. O ki qaldı zədəli oyunçularımıza, Araz Abdullayevin ölkə kubokunun 1/4 mərhələsinin birinci oyununda “Qəbələ”yə qarşı meydana çıxmayacağı məlumdu. Əli Qurbaniyə gəlincə, tibbi personal hücumçunu kubok qarşılaşmasına hazır vəziyyətə gətirməyə çalışır. Ancaq indidən konkret nəsə söyləmək mümkün deyil”.