Kamerunda təşkil olunan Afrika Millətlər Kubokunda (AMK) artıq 1/8 finalın həyəcanı yaşanır.
Bu mərhələyə yanvarın 23-də start verildi. Əvvəlcə Burkina Faso, sonra isə Tunis yığması azarkeşlərini sevindirdi.
1/8 final
Burkina Faso – Qabon 1:1, p. – 7:6
B.Traore, 28 – Gira, 90+1-öz qapısına.
Burkina Faso: Koffi, Kabore, E.Tapsoba, S.Oattara, Yaqo, Gira, B.Ture (İ.Ouedraoqo, 114), B.Traore (Konate, 82), D.Oattara (E.Tapsoba, 90),
Sanqare (Simpore, 82), Bande (Sanoqo, 74).
Qabon: Amonom, Oyono (Meye, 50), Palyun, Ekyuel Manqa, Obissa, Obyanq (N’Qakutu-Yapende, 85), Muketu-Mussunda (Ameka Oçanqa, 46), Biyoqo Poko, Kanqa, Allevina (Buanqa, 50), Bupendza.
Burkina Faso və Qabonun təxminən bərabərsəviyyəli komandalar olduğu məlum idi. Hər halda əksər mütəxəssislər ilk pley-off oyunundan əvvəl belə fikir yürüdürdülər. Lakin Limbe şəhərində keçirilən matçın gedişi bu fikri böyük ölçüdə doğrultmadı. Burkina Faso yığması ambisiyalı Qabonla müqayisədə daha təcrübəli kubok komandası kimi göründü. 58 yaşlı Kamu Malonun çalışdırdığı komanda düzgün taktika sayəsində ilk hissədə sərglədiyi üstün oyununun bəhrəsini Bertran Traore ilə bir qol vurmaqla gördü. “Aston Villa”nın hücumçusu fasiləyə qədər dubl edə də bilərdi. Lakin 18-ci dəqiqədə Bertranın penalti zərbəsindən sonra top tirə dəydi.
İkinci hissəyə Qabon millisi fəal başladı. Amma rəqib qabonluların hücumlarını zərərsizləşdirə bilirdi. 67-ci dəqiqədə müdafiəçi Obissanın növbəti xəbərdarlığa görə meydandan qovulmasının Burkina Fasonun işini asanlaşdıracağını düşünmək olardı. Lakin əsas vaxt yenicə sona çatmışdı ki, qabonluların son həmlələrindən biri yarımmüdafiəçi Giranın topu öz qapısına yönəltməsi ilə nəticələndi. 10 nəfərlə mübarizə aparan Qabon yığması 30 dəqiqəlik əlavə vaxtda bütün gücünü mübarizəni penalti seriyasına daşımağa sərf etdi. Fransalı Patris Nevyunun çalışdırdığı komanda buna nail olsa da, “lotereya” da adlanan sınağı 6:7 hesabı ilə məğlub başa vurdu.
Nigeriya – Tunis 0:1
Msakni, 47.
Nigeriya: Okoye, Ayna, Omeruo, Troost-Ekonq, Sanusi, Ndidi, Aribo (Musa, 90), Çukvueze (Sadik, 75), İheanaço (İvobi, 59), Simon, Avoniyi (Olayinka, 60).
Tunis: Ben Səid, Drəger, İfa, Talbi, Həddadi, Ben Slimane (Rekik, 90+4), Sxiri, Layduni, Msakni (Xəzri, 86), Rafya (Sliti, 69), Cəziri (Jebali, 86).
Qarua şəhərində qeydə alınan nəticəni sensasiya da adlandırmaq olar. Qrup mərhələsini çətinliklə adlayan Tunis bu mərhələni 9 xalla başa vuran Nigeriyadan üstün oldu. Bütün statistiki göstəricilər “Karfagen qartalları”nın “superqartallar” qarşısında aciz vəziyyətə düşəcəyindən xəbər verirdi. Lakin nəticə fərqli oldu.
Nigeriyanın qitə çempionatında mübarizəni dayandırmasını yeganə qol rəsmiləşdirdi. Msakninin fasilədən dərhal sonra cərimə meydançasının kənarından endirdiyi zəif zərbə qapıçı Okoye üçün qarşısıalınmaz oldu. matçın favoriti ikinci hissədə daha bir zərbə aldı: İvobinin həmin Msakninin ayağına zərbə endirməsi “Everton”un hücumçusunun qarşısında birbaşa qırmızı vərəqə görməsinə səbəb oldu. Avqustin Equavonun çalışdırdığı komanda hətta azlıqda belə ərazi üstünlüyünü davam etdirdi. Son dəqiqələrdə Sadik cavab qolunu vurmağa çox yaxın olsa da, zərbəsi dəqiq alınmadı. Bununla da favoritlərdən biri AMK-nı erkən tərk etdi.