Acun Ilıcalının bu yaxınlarda satın aldığı çempionşip təmsilçisi ''Hall Siti'' ilk transferlərini həyata keçirməyə başlayıb.
Acunun komandası Allahyar Səyyadmaneşin keçidi ilə bağlı ''Fənərbaxça'' ilə razılıq əldə edib. Türkiyə mətbuatının yazdığına inansaq, ''Hall Siti'' iranlı forvarda görə istanbullulara 4,5 milyon avro ilə yanaşı onun sonrakı satışından 50 faiz pay da ödəyəcək. Rəsmi açıqlamanın qısa müddətdə veriləcəyi gözlənilir. Xatırladaq ki, ''Fənər'' 20 yaşlı futbolçunu 2019-un yayında ''İstiqlal''dan cəmi 750 min avroya transfer etmişdi. Allahyar heyətə düşməkdə çətinlik çəkərək ilk mövsümdə cəmi 3 rəsmi oyuna çıxdıqdan sonra ''sarı-lacivərdlilər'' əvvəlcə onu ''İstanbulspor''a, 2020-nin yayında isə ''Zarya''ya icarəyə verdilər. Allahyar 1,5 il ərzində luqansklıların heyətində 50 rəsmi oyuna 14 dəfə fərqlənib. İran yığmasında isə 4 oyun keçirib və 1 qol vurub.
Bundan başqa ''Hall Siti'' hazırda 12 qolla superliqada bombardirlər yarışına başçılıq edən ''Fatih Karagümrük''ün forvardı Aleksandar Peşiçlə də anlaşıb. 29 yaşlı serbiyalı futbolçu ilə 2,5 illik müqavilə imzalanacaq. Təzminat kimi isə ''Hall Siti''nin ''Fatih Karagümrük''ə 1,5 milyon avro ödəyəcəyi deyilir.