Bu il Qətərdə keçiriləcək dünya çempionatına bilet satışına start verilib.
Bu prosesun başlaması böyük marağa səbəb olub. İlk 24 saat ərzində dünya üzrə azarkeşlər tərəfindən 1,2 milyon bilet üçün müraciət gəlib. Bu haqda FİFA-nın rəsmi saytı məlumat yayıb. Ən çox tələb yerli fanatlardan olub. Qətərdən sonra Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan futbolsevərlər də bilet almağa böyük maraq göstəriblər. Artıq açılış matçı üçün 80 mindən çox, final oyunu üçün isə 140 mindən çox bilet sifariş olunub.
Bilet satışı üzrə ilkin mərhələ fevralın 8-dək davam edəcək. Qeyd edək ki, qrup mərhələsinin oyunlarına biletin qiyməti xarici ölkə vətəndaşları üçün 250-800 rial (69-220 dollar) aralığında, qətərlilər üçün 40 rial (11 dollar) müəyyən edilib. Final oyununa baxmaq istəyən yerli azarkeş 750 rial (206 dollar), digər ölkələrin vətəndaşları isə 2200-5850 rial (604-1600 dollar) aralığında xərcə düşəcək.
Bilet satışı üzrə ikinci mərhələ DÇ-2022-nin final mərhələsinin aprelin 1-nə təyin olunan püşkatma mərasiminə qədər baş tutacaq. Azarkeşlərin bu mərhələdə də canlı növbə rejimində bilet almaq imkanı olacaq. Sonrakı mərhələlər isə püşkatma ilə təşkil ediləcək. Qətərdə noyabrın 21-də start götürəcək dünya çempionatı dekabrın 18-də sona çatacaq.