''Lill''in forvardı Burak Yılmaz komandası kimi uğursuz mövsüm keçirməkdə davam edir.
Dünən ''İtlər'' Fransa çempionatının 22-ci turunda səfərdə ''Brest''lə qarşılaşdılar. Son çempion zəif təsir bağışlayaraq 2 cavabsız qolla məğlub oldu. Liqa-1-də 9 oyunluq məğlubiyyətsiz seriyası qırılan ''Lill'' 22 oyuna topladığı 32 xalla 9-cu pillədə qərarlaşıb. ''Lill''in türkiyəli oyunçularından Zəki Çəlik fasilədə meydana daxil oldusa Burak 76-cı dəqiqədə əvəzləndi. Türkiyə yığmasının kapitanının əvəzlənməsinə növbəti dəfə emosional reaksiya verməsi Fransada yenə gündəm oldu. Burak Ben Arfa ilə əvəzlənərkən ehtiyat skamyaya tərəf əl-qol hərəkətləri etməsi ilə kəskin narazılığını biruzə verdi. Bundan başqa onun birbaşa paltardəyişmə otağına yollanması da diqqət çəkdi. Fransa mətbuatı onun bu etirazının baş məşqçi Joslen Qurvennekə qarşı olduğunu yazıb. Bu mövsüm əvvəlki oyunlarda da Burak bir neçə dəfə əvəzlənməsinə sərt reaksiya vermişdi. ''Lill'' fanatları sosial şəbəkələrdə türkiyəli forvardı son hərəkətinə görə tənqid ediblər. Onların böyük əksəriyyəti artıq Burakın ''Lill''in formasını geyməyə layiq olmadığını düşünür. Bu olaylar bir daha göstərir ki futbolda dünən yoxdu. Oyunçunun keçmişdə etdikləri çox tez unudulur. Burak ötən mövsüm çempionatda 28 oyuna 16 qol vuraraq komandasının tarixi çempionluğunda mühüm rol oynamışdısa, cari ''futbol ili''ndə 20 oyuna cəmi 4 dəfə fərqlənib. Bu mövsüm Burak qollarından daha çox ofsayda düşməsi ilə diqqət çəkir.
Bu arada 36 yaşlı forvardla bağlı transfer xəbəri yayılıb. İtaliya mətbuatı A seriyası təmsilçisi ''Salernitana''nın Burak üçün ''Lill'' ilə danışıqlara başladığını yazıb. Xəbərdə qeyd olunub ki, ''Salernitana''nın idman direktoru Valter Sabatini Yılmaza böyük heyranlıq duyur və hələ ''Roma''da işlədiyi dönəmdə də onu komandaya gətirməyə cəhd etmişdi. Burak Yılmazın Fransa klubu ilə müqavilə müddətinin mövsümün sonunda başa çatacağını da xatırladaq.