Nəhayət, uzun sürən danışıqlardan sonra Turan Manafovun Yunanıstan arzusu gerçəkləşdi.
Müdafiəçi “Səbail” ilə müqaviləsinin müddətini daha bir il uzatdıqdan sonra “dənizçilər”in rəhbərliyi onu mövsümün sonuna kimi Volos “Olimpiakos”una icarəyə verdi. Futbolçu dünən gecə saatlarında Bakıdan ayrılıb və Yunanıstana çatan kimi ilk müsahibəsini “Football-plus.az” saytına verdi.
- Dünən sabiq komanda yoldaşlarım, məşqçilər korpusu, rəhbərliklə vidalaşdım və gecə saat 3-də Bakını tərk etdim. Afina hava limanında məni Volos klubunun nümayəndələri qarşıladılar. Ordan maşınla “Olimpiakos”un düşərgəsinə yollandım. İlk təəssürat əladı. Sizin vasitənizlə “Səbail” rəhbərliyinə, Aftandil Hacıyevə ölkə xaricinə yollanmağıma şərait yaratdıqlarına görə bir daha təşəkkür etmək istəyirəm. Bir də U-21-də Milan Obradoviçin köməkçisi olan Elbrus Məmmədovun adını çəkmək istəyirəm. Bir ara futboldan uzaqlaşmışdım. Müəyyən səbəblərə, daha dəqiq desəm, bəzi insanlara görə futboldan iyrənmişdim. Elbrus müəllim, demək olar, məni zorla evdən “Sumqayıt”ın əvəzedici heyətinin düşərgəsinə apardı. Onun sayəsində yenidən sevdiyim işlə məşğul olmağa başladım.
- Volosda məişət məsələləri necə həll olunacaq? Klub sənin üçün ayrıca ev tutacaq, yoxsa bazada qalacaqsan?
- Bütün nüanslar müqavilədə qeyd olunub. Hər şey mənim istəyimdən asılıdı. Evdə də qala bilərəm, oteldə də. Hazırda oteldəyəm. Sabah “Olimpiakos”un çempionat oyunu var. Həmin matçda meydana çıxmayacam. Həm yol yorğunuyam, həm də bəzi sənədlər federasiyaya təqdim olunmalıdı.
- Yeni klubunda hansı nömrə altında çıxış edəcəksən?
- “Səbail”də olduğu kimi, “Olimpiakos”da da “3 nömrə” olacam. Klub rəhbərliyi ilə danışıqlarda bu məqamı xüsusi qeyd etmişdim (gülür).
- Mövqeyində oynayan futbolçunun kimliyi ilə maraqlanmısan?
- Təbii. Yunan oyunçudu. Ancaq məni əsas heyət üzvü kimi dəvət ediblər. Şübhəsiz ki, oyunumla “bir nömrə” olduğumu sübut etməliyəm. Əks halda yerim ehtiyat oyunçular skamyasıdı. Ümumiyyətlə, səhv etmirəmsə, komandada 6 legioner var. Daha dəqiq kollektivlə məşqə çıxanda biləcəm.
- Mənə elə gəlir, Yunanıstana yollanmaqda əsas məqsədlərindən biri də yığmanın məşqçilər korpusunun diqqətini cəlb etməkdi. U-21-in əsas oyunçularından olsan da, hələ də ölkənin əsas komandasına cəlb olunmursan...
- Yığmada oynamaq, ölkənin əsas komandasının şərəfini qorumaq hər bir futbolçunun arzusudu. Bəli, mən də De Byazinin rəhbərlik etdiyi komandanın bir parçası olmaq istəyirəm. İnanıram ki, Yunanıstan karyeram uğurlu alınacaq, millinin baş məşqçisi növbəti toplanışlarda məni düşərgəyə dəvət edəcək.
- Sirr deyilsə, müqavilənin maddi tərəfindən danışardıq.“Olimpiakos”da “Səbail”də olduğundan çox maaş alacaqsan?
- Yalanı heç sevmirəm. Bəli, onların təklif etdiyi maliyyə şərtləri daha yaxşıdı. “Səbail”də aldığımdan iki dəfə artıq.
- Aylıq nə qədər məvacib təklif olunub?
- Aylıq deyil. Ümumi məbləğdən söhbət gedir. Orda çempionat mayın 5-də başa çatır. Təxminən 3 ay “Olimpiakos”un uğurları üçün çalışacam.
- Və bu müddət üçün təklif olunan məğləğ?
- Maaş avro ilə ödəniləcək. Bizim pula çevirdikdə təxminən 25 min manat.
GÜNAY VƏLİYEVA