“Maklaren”in icraçı direktoru Zek Braun Lüis Hemiltonun “Formula-1” üzrə dünya çempionatının 2022 mövsümündə iştirak perspektivi ilə bağlı fikrini bölüşüb:
“Onun çox qəzəbli olduğuna əminəm. Lüis əsl döyüşçüdü, 8-ci titulu qazanmaq üçün trassa dönmək istəyəcək. Düşünmürəm ki, Hemilton karyerasını bitirməyə hazırdı. Hərçənd onu o qədər də yaxşı tanımıram. O hətta getməyə də qərar versə, şoka düşməyəcəm. Çətin ki, kimsə Lüisin qayıdacağına yüz faiz əmin ola. Hələ ki heç bir variantı istisna etməməliyik. Sadəcə, mənə elə gəlir ki, Lüis yarışmaq həvəsi ilə alışıb-yanır və son nəticədə məhz bu amil həlledici olacaq”.
Xatırladaq ki, Hemilton 2021 mövsümünün son mərhələsində Maks Ferstappendən geri qalmaqla çempionluğu niderlandlı pilota təhvil verdi. “Mersedes”in nəticələrə görə etirazı qəbul olunmadı. Mövsüm bitəndən sonra Hemilton ictimai tədbirlərdə görünməyib, sosial şəbəkələrdə fəal deyil və “instaqram” hesabını ləğv edib. Britaniyalının “Mersedes”lə müqavilə müddəti 2023-cü ilin sonuna qədərdi.