“Böyük dəbilqə” seriyalı turnir ərəfəsində Avstraliyadan qovulan Novak Cokoviş bu ölkənin hökumətini məhkəməyə vermək niyyətindədi.
“Sun” nəşrinin yaydığı xəbərə görə, dünya tennisinin 1 nömrəsi 6 milyon dollar tələb edəcək. 34 yaşlı serb mükafat fondundan, sponsor ödənişlərindən olub, həmçinin qeyri-qanuni saxlanıldığına və sərt davranışa görə mənəvi ziyan çəkdiyini düşünür. Düzdü, Novakın hələ ki hansı məhkəməyə müraciət edəcəyi məlum deyil, çünki dünyada bütöv bir dövləti, özü də Avropadan kənarda məsuliyyətə cəlb edəsi strukturların sayı o qədər də çox deyil.
Bu arada Avstraliya Federal Məhkəməsi Cokoviçin vizasının ləğvinin səbəblərini açıqlayıb. Xatırladaq ki, vizanın ləğvinə dair qərarı vətəndaşlıq və mühacirət məsələləri üzrə nazir Aleks Houk verib. Federal Məhkəmənin qətnaməsində isə deyilir ki, bir şəxsin Avstraliya ərazisində qərarlaşması ictimaiyyətin sağlamlığına və təhlükəsizliyinə təhdiddisə, nazir belə qərar verə bilər.
Nazir qərar verərkən ilk növbədə Cokoviçin peyvənd əleyhinə çıxış etdiyinə görə ictimai sağlamlıq üçün təhlükə olmasına əsaslanıb. Bu işə baxan üç hakimin ortaq fikri belə olub ki, tennisçi peyvənd tərəfdarı deyil. Məhkəmənin qətnaməsində o da vurğulanır ki, serbin Avstraliyada qalması ölkədə antipeyvənd əhval-ruhiyyəsinin güclənməsinə və əhali arasında qarışıqlığa səbəb ola bilərdi.