Nəhayət, Hatem Ben Arfa özünə yeni iş yeri tapıb. O, bundan sonra “Lill”də oynayacaq.
34 yaşlı yarımmüdafiəçi Fransanın son çempionu ilə 6 aylıq müddətə anlaşıb. Ben Arfa ötən yay “Bordo” ilə müqaviləsinin müddəti sona çatandan sonra işsiz qalmışdı. Təcrübəli futbolçu son mövsümdə bu komandanın formasında Liqa 1-də meydana çıxdığı 24 matçda 2 qol vurmuşdu.
Dünən Türkiyə millisinin oyunçusu Yusuf Yazıcının karyerasını Rusiyada davam etdirəcəyi də məlum oldu. “Lill”in yarımmüdafiəçisi, gözlənildiyi kimi, ÇSKA-ya (Moskva) keçib. Rusiya klubu 25 yaşlı oyunçunu mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, ÇSKA yayda onu birbaşa transfer etmək hüququna malik olacaq. Yazıcının “Lill” ilə müqaviləsini müddəti 2024-cü ilin yayına qədərdi. Türkiyə KİV-i moskvalılara 350 min avroya başa gələn Yusufun mövsümün sonunda paytaxt klubuna 12 milyon avroya satıla bləcəyini xəbər verib.