Yanvarın 18-də “Qəbələ” Antalyada ilk yoxlama oyununu keçirdi.
“Qırmızı-qaralar” Polşanın “Zaqlembe” klubu ilə qarşılaşdı. Matç Lubin təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatdı. “Qəbələ”nin yeganə qolunu Fernan Lopes vurdu. Baxımlı qolun müəllifi olan ispaniyalı ilə Antalya toplanışı, bölgə təmsilçisinin hazırkı durumu barədə söhbətləşdik.
- “Zaqlembe”yə uduzduğunuz oyun haqda nə deyə bilərsən?
- Maraqlı qarşılaşma oldu. Çoxlu şanslar yaratdıq. Xüsusilə də ilk hissədə əla oynadıq. “Zaqlembe” yaxşı komandadı. Mən onları tanıyıram. Ötən mövsüm ekstraklasada “Yagelloniya”nın heyətində onlara qarşı oynamışam. Həqiqətən əla təşkilatlanmış güclü komandadı. Amma deyə bilərəm ki, ilk hissədə biz onlardan üstün təsir bağışladıq. Fasilədən sonra baş məşqçimiz bəzi futbolçulara istirahət verdi. Təbii ki, bu, anlaşılandı. O, bütün futbolçuları yoxlamaq istəyir. Çünki hazırlıq dönəminin sonuna kimi tam hazır komanda formalaşmalıdı. Uduzsaq da, bizim üçün yaxşı təcrübə oldu. Əsas odu ki, belə qarşılaşmalarda gücümüzə güc qataq.
- Antalya toplanışınız necə keçir? Bu hazırlıq dövrü komandanın inkişafına, güclənməsinə kömək edəcək?
- Əlbəttə! Buna əmin olun. Buna görə burdayıq. İstirahətimizə, yeməyimizə nəzarət edirik. Gündəlik məşqlərdə iştirak edirik. Düşünürəm ki, yoldaşlıq oyunu bizə çox kömək olacaq. Fərqli klublarla qarşılaşmaq bizi daha da gücləndirəcək.
- Qış fasiləsinə premyer-liqanın ikincisi kimi yollandız. Çempionatın ikinci yarısında da uğurlu çıxış edəcəyinizi düşünürsən?
- Buna ümid edirəm. Qışa qədər oynadığımız kimi çıxış etsək, uğur qazanacağımızı düşünürəm. Təbii ki, futbolçuların performansı, sağlamlığı qoruması mütləqdi. Bunlar qaydasında olsa, bütün rəqiblərimizlə rahat mübarizə apara bilərik. Bəzi futbolçularımız zədəlidi. Məsələn, Urfan Abbasov bizə kömək edə bilməyəcək. O, komanda üçün çox vacib oyunçudu. Necə olacağını indidən demək olmaz. Amma biz ilk yarının ən yaxşı komandalarından biri idik. Fasilədən sonra da bunu təkrarlaya bilərik. Uğur qazanmaq üçün sona kimi döyüşəcəyik. Düşünürəm ki, çempionatdakı yerimizi qoruyub saxlayacağıq.
- “Qəbələ”nin uğurlu çıxışı karyerana necə təsir edə bilər? Klubla müqavilənin müddəti mövsümün sonunda bitəcək. Avrokuboklara vəsiqə qazansaz, “Qəbələ”də qalacaqsan?
- Bu haqda danışmaq üçün tezdi. Qarşıda bizi 14 tur gözləyir. Kubok matçlarını da unutmayaq. İndi bu haqda düşünmək olmaz. Hazırlıq dönəmini başa vurub, Azərbaycan kubokunda “Sumqayıt”la matça köklənməliyik. Gələcək haqda mövsümün sonlarına yaxın düşünmək olar.
İLKİN SULTANLI, Antalya