“Neftçi” Antalyada hazırlıqlarını davam etdirir. Dünən “ağ-qaralar” növbəti yoxlama oyununu keçirib.
Flaqman Polşanın “Visla” (Plotsk) klubu ilə heç-heçə edib - 1:1. Qarşılaşmadan sonra paytaxt təmsilçisinin yeni transferi Eddi İsrafilovla söhbətləşdik. Millimizin üzvü ilə hazırlıq prosesindən, komandanın hazırkı durumu haqda danışdıq...
- Oyunla bağlı danış. Yoxlama matçı olsa da, gərginlik son həddə idi. Xüsusən də sən çox aqressiv görünürdün...
- Yaxşı qarşılaşma oldu. Hər iki komandanın ifasında gözəl oyunun şahidi olduq. Deməzdim ki, aqressivlik var idi. Sadəcə, hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu da meydanda bəzən anlaşılmazlıqların yaranmasına səbəb olurdu.
- Artıq iki görüşdü “Neftçi”nin futbolçusu kimi meydana çıxırsan? Hansı fərqli situasiyalarla qarşılaşmısan?
- Açığı, fərqli nə iləsə qarşılaşmamışam. Bu görüşlərin əsas məqsədi Azərbaycan kubokundakı oyuna hazırlaşmaqdı. Hər iki qarşılaşma, demək olar ki, eyni tərzdə, tempdə gedirdi. Bizim əsas məqsədimiz tam komanda halında kubok matçına hazır olmaqdı.
- Təlim-məşq toplanışı necə davam edir? Hazırlıq prosesində keçmiş komandandakından hansısa fərqli məşqlər keçirsiz?
- İstəmirəm ki, “Neftçi”ni əvvəlki klublarımla müqayisə edim. Hazırda burdayam. “Neftçi”də olan məşqlər haqda danışa bilərəm. Antalyaya gəldiyimiz ilk gündən bəri hazırlıq əla gedir. Çox yaxşı komanda yoldaşlarım, yaxşı rəqabət var. Hamı özünü yaxşı tərəfdən göstərməyə çalışır. Həqiqətən də burda çox əla kollektiv var. Bu da bizim növbəti matçlarda yaxşı çıxış etməyimizə kömək olacaq. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edərik.
- Samir Abasov sanki premyer-liqada matçlarında meydana çıxacaq oyunçuları özü üçün müəyyənləşdirirdi. Çünki əvəzetmələri belə limitə uyğun etdi.
- Əvvəlcə bunu deyim ki, meydana çıxan bütün futbolçuları baş məşqçimiz müəyyənləşdirir. Onun qərarına əsasən “11-lik” tərtib olunur. Mən də bu komandanın bir üzvüyəm. Əlimdən gələni etməyə çalışacam ki, komandama kömək ola bilim. Yenə deyirəm ki, çox yaxşı komandayıq. Əla oyunçularımız var, heyətdə rəqabət güclüdü.
İLKİN SULTANLI, Antalya