
Elmar Baxşıyev ilk oyundan məmnundu - MÜSAHİBƏ
"Qəbələ" - "Zaqlembe" görüşündən dərhal sonra Elmar Baxşıyevlə söhbətləşdik.
42 yaşlı mütəxəssislə oyun və təlim-məşq toplanışı barədə danışdıq.
- Antalyadakı ilk qarşılaşmada məğlub olduz. Ümumiyyətlə, matçı necə şərh edərdiz?
- Əvvəlcədən onu deyim ki, komandanın oyunundan razı qaldım. İstəyirdim ki, futbolçularım oyun yükünü qaldıra bilsinlər. İlk matçımız idi. Bilirdim ki, onlar üçün ağır olacaq. Amma ümumilikdə futbolçularımın matça yanaşması məni qane etdi. Ümid edirəm ki, gündən-günə daha da yaxşı oyun sərgiləyəcəyik. Xətlərarası əlaqənin bərpası üçün əlimizdən gələni edəcəyik.
- İlk qarşılaşmadan sonra komandada hansı boşluqları və problemləri gördüz?
- Boşluq deməyək. Futbolçuların olmaması bizə problem yaratdı. Məqsəd İsayev zədəlidi, Murad Musayevin qızdırması qalxmışdı. Onun bu gün oynamasını doğru saymadıq. Bütün bunlara baxmayaraq, oyundan razıyam. Proseslərdən asılı olmayaraq, futbolçular verilən tapşırıqları dəqiqliklə yerinə yetirdilər.
- Gənc futbolçular uzun müddət meydanda oldular. Emil Səfərov, Hüseyn Mürsəlov, Mehrac Baxışlını sınadız. Onların performası sizi qane etdi?
- Biz həmişə gənclərə şans vermişik. Premyer-liqa matçlarında bir çox yeni futbolçuları sınamışıq. Onları əsas heyətdə meydana buraxmışıq. Bu, bizim klubun əsas fəlsəfəsidi. Komandamızda olan gənc futbolçulara güvənirik. Qarşıdakı yoxlama matçlarında da düşərgədə olan gənclərin xidmətindən yararlanmağa çalışacağıq. Bu gün digər futbolçular kimi, onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Çalışacağıq ki, gənclərimiz özlərini göstərə bilsinlər. Yenə deyirəm, gənclərə şans vermək və onların xidmətindən yararlanmaq “Qəbələ”nin əsas fəlsəfəsidi.
- Hazırda premyer-liqanın turnir cədvəlinin ikinci pilləsində yer almısız. Buna baxmayaraq, çempionatın ilk iki dövrəsində ehtiyat oyunçular skamyanızda futbolçu çatışmazlığı görünürdü. Qış fasiləsindən sonra belə problemlə üzləşməyəcəksiz?
- Yeni transferlərin olub-olmayacağını nəzərdə tutursuzsa, bir keçidi həll etmişik. Çalışacağıq ki, bizə uyğun futbolçu tapaq. Belə biri olmasa, transfer olmayacaq. Ehtiyat oyunçular skamyasının kasadlığına gəlincə, bu problemin aradan qalxacağına inanıram. Bizim yetərincə futbolçumuz var. Amma çoxu zədəlidi. Mövsümün əvvəllərində Yaovi Akakpo, Rüfət Əhmədov zədələndi. İndi Urfan Abbasov, sonra Məqsəd İsayev eyni halla üzləşdi. Patrik də gələn kimi koronavirusa yoluxdu. İndi karantin müddətinin bitməsini gözləyirik. Onun da gəlişi komandaya fayda verəcək. Ümid edirəm ki, düşərgəmizə qoşulandan sonra komandaya uyğunlaşar. Yuxarıda sadaladığım futbolçular sağaldıqdan sonra hər şey qaydasında olacaq.