Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək yığma artıq Niderlandın Qroningen şəhərindədi.
Düşərgədə nələrin yaşandığını öyrənmək üçün komanda ilə birgə səfərə çıxan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq.
- Yığmanın düşərgəsində ab-hava necədi?
- Belçika ilə yoxlama görüşündən bir gün sonra avtobusla Niderlanda gəldik. Komanda hazırda Qroningen şəhərindədi və artıq bir məşqə də çıxıb. Düşərgədə əhval-ruhiyyə yüksəkdi. Elə bir ciddi problem yoxdu. Yanvarın 16-da Belçikada koronavirusla bağlı test verən və nəticəsi şübhəli sayılan Rafael Vilela artıq sağalıb. Onun ötən gün verdiyi test neqativ çıxıb. Yaxın saatlarda komandanın düşərgəsinə qoşulacaq. Eduardo Borges isə bu gün təkrar yoxlanışdan keçəcək. Onun da testi neqativ çıxacağı halda Niderlanda gələcək.
- İki gün öncə sizinlə əlaqə saxladıqda Belçika Krallığının qanunlarına görə hər iki futzalçının bir həftə karantində qalacağını söyləmişdiz. Bəs necə oldu ki, Rafaellə Eduardodan belə tez yenidən test götürüldü?
- Əslində bizə də bu qəribə gəldi. Ümumiyyətlə, istər Belçikada, istərsə də Niderlandda necə test götürüldüyünü başa düşə bilmədik. Adını qeyd etdiyiniz hər iki futzalçı Bakıda test verib səfərə çıxmışdılar. Ancaq Belçikaya çatanda yenidən test götürüb dedilər ki, Rafaellə Eduardonun testi pozitiv çıxıb. Həmin vaxt bizə hər ikisinin bir həftə karantində qalacağı bildirilmişdi. Sonradan isə dedilər ki, futzalçıların adları portala düşmədiyindən onların bir həftə karantində qalmasına ehtiyac yoxdu. Ümid edirik ki, Rafael kimi, Eduardo da qısa vaxtda komanda ilə birgə olacaq. Bu gün (dünən) yığma ilk turun keçiriləcəyi “Martini Plaza”da məşq edəcək.
- Manekanın zədələndiyi, onu Hadi Əhmədinin əvəzləyəcəyi xəbəri nə dərəcədə həqiqəti əks etdirir?
- Çox təəssüf ki, Qroningendəki ilk məşqdə Maneka ciddi zədə aldı. Vəziyyətin belə olduğunu görən yığmanın həkimləri onun yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim etdilər. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verdi. Buna görə də Hadi Əhmədı təcili Bakıdan çağrıldı. Əhmədi bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.