Milli Olimpiya Komitəsinin (MOK) Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan rəsmi təqdimatı baş tutub.
"Park İNN" otelində keçirilən tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min, Naqano-1998-də ölkəmizi təmsil etmiş fristaylçı Elbrus İsakov, olimpiya çempionları və idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edib. Öncə Pekin-2022-yə həsr olunan videoçarx nümayiş etdirilib. Daha sonra Hüseynzadə və səfir çıxış edərək idmançılara uğurlar arzulayıblar. Təqdimat mərasimi milli komandanın rəsmi formasının nümayişi ilə başa çatıb.
Pekin-2022-də bayraqdar olacaq idmaçının adı da açıqlanıb. Açılış mərasimində bu funksiyanı fiqurlu konkisürən Vladimir Litvintsev yerinə yetirəcək. Amma təəssüf ki, fevralın 4-20-si aralığında keçiriləcək Olimpiada ölkəmizdə yayınlanmayacaq. Nədənsə telekanallardan heç biri yarışa maraq göstərməyib. Halbuki Soçi-2014 və Vankuver-2010 İTV, Pxençxan-2018 isə "İdman TV" vasitəsilə yayınlanıb.
Onu da qeyd edək ki, Pekin-2022-də ölkəmizi fiqurlu konkisürənlər - Vladimir Litvintsevlə Yekaterina Ryabova təmsil edəcək.
Rəsmi hissədən sonra Çingiz üseynzadə jurnalstlərə açıqlama verib. Onun fikirlərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq:
"Olimpiadada COVID-19 ilə bağlı ən sərt qaydalar tətbiq olunacaq. Pekində plasterlər yaradılıb. Bunlardan kənara çıxmaq qadağandı. İdmançì yalnız yaşadığı və yarışdığı yerdə ola bilər. Bu yerlər arasındakı məsafəni piyada getmək olmaz. Xüsusi nəqliyyat vasitələrindən istifadə olunmalıdı. Çin pandemiya ilə mübarizədə 2 ilin təcrübəsində nə qazanıbsa, bütün təhlükəsizlik qaydalarını tətbiq edəcək. Koronavirus baxımından ən sərt Oyunlar olacaq. Bu yolla xəstəliyin qarşısının alınması planlaşdırılır. Çünki Tokio Olimpiadasında bir neçə idmançı koronavirusa yoluxdu... Hər iki idmançımız yarışa hazırdı. Artıq səfərə hazırlaşırlar. Ümid edirəm ki, onlardan gözlənilən nəticələri göstərəcəklər. Çox gərgin yarış olacaq. Bilirsiz ki, bizdə əsas məsələ Qış Olimpiya Oyunlarında təmsil olunmaqdı. Hələlik medallar uğrunda mübarizə apara bilmirik. Əlbəttə, gələcəkdə bu da olacaq. Pekin Olimpiadasında təmsil olunmaq bizim üçün önəmlidi. 44 günlük müharibədən sonra Azərbaycan daha çox idman növündə təmsil olunmalıdı. İdmançılarımız ölkənin hər sahədə tanınmasına dəstək verməlidi. Bu mənada Pekin Olimpiadasının bizim üçün uğurlu olacağına inanırıq. Fiqurlu konkisürənlərimizin son nəticələri bizi sevindirir. Ryabova son Avropa çempionatında 7-ci yeri tutub. Ümid edirəm ki, Pekində də nəticə sevindirici olacaq. Bildiyiniz kimi, Azərbaycan 5-ci dəfə Qış Olimpiadasına qatılacaq. Ümumiyyətlə, son vaxtlar idman federasiyalarının rəhbərliyi gücləndirilir. Qarşıdakı aylarda qış növləri üzrə də analoji addımlar atılacaq və ümid edirəm ki, daha yüksək nəticələr əldə olunacaq. Bəzi qış idman növləri var ki, onları inkişaf etdirə bilərik. Artıq bazalarımız var. Bunlar turist bazaları olsa da, idman bazalarına çevirmək asandı. Körlinq, şort-trek kimi idman növlərində də müəyyən uğurlar qazanmaq mümkündü. Növbəti Qış Olimpiadasında daha çox idmançı ilə təmsil olunmağı planlaşdırırıq”.
Yekaterina Ryabova da fikirlərini bölüşüb:
"2020-ci ildə Lozannada baş tutan yeniyetmələr arasında Qış Olimpiya Oyunlarında Azərbaycanın adından çıxış etmişəm. Növbəti vacib yarışa hazırlaşırıq. Bu gün də millinin rəsmi forması ilə tanış olduq. Hamıya uğurlar və möhkəm cansağlığı arzulayırıq".