Avtobus insidentindən sonra “Legiya”nın düşərgəsini tərk edən, klubu ilə hüquqi müstəvidə hesablaşmaq istəyən Mahir Emreliyə tərəfdarların kini bitənə bənzəmir.
Varşava təmsilçisinin fanatlarının böyük hissəsi azərbaycanlı futbolçunu bu addımı atdığına görə sərt şəkildə qınayır, tənqid, təhqir, hətta təhdid edir. Görünür, Mahirə qarşı aparılan bu qara piar uzun müddət davam edəcək. Onlar oyunçunun sosial şəbəkə hesabında paylaşdığı hər posta, Polşa mətbuatında Emreli barədə dərc edilən hər xəbərin altına tənqidi və təhqiramiz şərhlər yazırlar. Ötən günlərdə də azarkeşlərin millimizin futbolçusu haqda yazdıqları şərhləri diqqətinizə çatdırmışdıq. "Football-plus.az" saytı olaraq Mahirin “instaqram” hesabında paylaşdığı şəklə varşavalıların yazdığı şərhlərdən bəziləsizə təqdim edirik:
“Legiya”nı məhkəməyə verirsən? Ultras səni tapana qədər gözlə, siçovul.
Özünə legioner yox, Mahir de. Çünki sən heç vaxt legioner futbolçu olmağı bacarmadın və bundan sonra da olmayacaqsan.
Sən bu Azərbaycan telekanallarının məşhur ulduzusan? Vay. Futbol sənin üçün yalnız hobbidi. Elə deyil? Azarkeşlərin çoxu səni həqiqətən çox bəyənmişdi. Başına gələn qəza bəzi zibillər tərəfindən törədilib. Başa düşürəm ki, bəlkə də qorxursan. Amma kluba qarşı bu davranışın axmaqlıqdı. Nə deyə bilərəm? Sağlam və güclü ol. Sənin üçün yeni klub tapmaq vaxtıdı. Yenə də etdiyin hər şey üçün təşəkkürlər.
SƏNƏM FƏRHADOVA