PSJ-nin koronavirusdan yenicə sağalan futbolçusu Lionel Messinin son durumu məlum olub.
Onunla bağlı Paris kubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçu həkimlərin və texniki heyətin nəzarəti altında fərdi məşqlər edir. Messinin gələn həftədən komanda ilə məşqlərə başlayacağı bildirilib. Liqa 1-in dünən “Brest”lə keçirilən matçını buraxan ulduz futbolçunun Argentina yığmasına DÇ-2022-nin seçmə turnirinin Çili və Kolumbiya ilə uyğun olaraq yanvarın 28-nə və fevralın 1-nə təyin olunan növbəti oyunlarında kömək etməyəcəyi də məlum olub.
Sonuncu dəfə yaşıl meydanda PSJ-nin “Loryan”la ötən il dekabrın 22-də keçirilən matçında (1:1) görünən Lionel sosial şəbəkə vasitəsilə hazırkı durumuna aydınlıq gətirib: “Bildiyiniz kimi, koronavirusa yoluxmuşdum.
Sağalmağım gözlədiyimdən uzun çəkdi və indi, demək olar ki, vəziyyətim çox yaxşıdı. Ötən günlər ərzində mənə göndərdiyiniz dəstək mesajlarına görə hamınıza minnətdarlıq etmək istərdim. Meydana çıxacağım anı səbirsizliklə gözləyirəm. Son günlər mübarizəyə 100 faiz hazır olmaq məqsədi ilə məşq etmişəm. Bu il bizi çox maraqlı sınaqlar gözləyir və ümid edirəm ki, tezliklə sizinlə görüşəcəyik”.