Dünən Fransa çempionatının 21-ci turu çərçivəsində ''Marsel'' son çempion ''Lill'' ilə qarşılaşıb.
''Velodrom'' stadionunda keçirilən və Türkiyə yığmasının üzvlərinin üz-üzə gəldiyi görüş 1:1 hesabı ilə başa çatıb. Qonaqlar Sven Botmanın qolu ilə 15-ci dəqiqədə önə keçiblər. Amma Benjamin Andrenin 30 və 32-ci dəqiqələrdə gördüyü iki sarı vərəqə ilə ''Lill'' uzun müddət azlıqda oynamaq məcburiyyətində qalıb. ''Marsel''in topa nəzarətdəki üstünlüyü 77,5 faizə qədər yüksəlsə də, komandanın gücü yalnız hesabı bərabərləşdirməyə yetib. Özü də bunu Cengiz Ündər edib!
Sona 15 dəqiqə qalmış fərqlənən 24 yaşlı vinger ''Marsel''in heyətində 22-ci rəsmi oyunda 8-ci qolunu vurub. Cengiz oyunu əvvəldən sona qədər keçirib. ''Lill''in həyətindəki türklərə gəlincə, Zəki Çəlik 90 dəqiqə, Burak Yılmaz 72 dəqiqə meydanda qalıbsa, ÇSKA-ya transferin biraddımlığında olan Yusuf Yazıcının adı iştirak ərizəsinə salınmayıb.
Yeri gəlmişkən, azarkeşsiz oynanılan bu qarşılaşmada tribunada nəhəng Türkiyə bayrağının və yazılı bir pankartın olması diqqət çəkib. Həmin pankartın üzərində ''tarixi zəfər üçün təşəkkürlər Cengiz Ündər'' sözü yazılmışdı. Fanatlar bununla da türkiyəli oyunçuya minnətdarlıqlarını bildiriblər. Belə ki, ''Marsel'' ötən həftə məhz Cengizin yeganə qolu ilə ''Bordo''ya qarşı səfərdəki 44 illik qələbə həsrətinə son qoymuşdu.