Ötən sayımızda "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun avtomobil dayanacağı üçün təyin olunan ərazisinin satıldığını yazmışdıq.
Həmin ərazidə inşaat materialları dükanının tikiləcəyi qeyd olunmuşdu. Yayılan xəbəri araşdırmaq üçün stadionun Gəncə şəhəri üzrə məsul şəxsi Həmid Nəsirovla əlaqə saxlamışdıq. O, bizə məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat almağı məsləhət görmüşdü. Belədə sualımızı qurumun mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevə ünvanlamışdıq. O isə bizə stadionun Gəncə şəhərində olduğunu, bu üzdən məsələni şəhər İcra Hakimiyyəti ilə dəqiqləşdirməli olduğumuzu, nazirlik tərəfindən satışa icazə verilmədiyini söyləmişdi.
Mövzunu diqqətdə saxladığımızdan stadionda icarə əsasında ev oyunlarını keçirən “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq:
“Bir neçə gün öncə komandamızın sadiq və diqqətcil azarkeşlərindən biri olan Vaqif bəy gecə zəng edib stadionun avtomobillər üçün ayrılan dayanacaq yerində bir neçə nəfərin ərazini hasarlamaq üçün hazırlıq işləri gördüyünü dedi. Ertəsi gün səhər dərhal hadisə yerində olduq. Rəhbərlik də, mən də gördük ki, 4 ədəd kubik düzüblər və orda obyekt inşa etmək istəyirlər. Bununla bağlı müvafiq qurumlara şifahi müraciət edib narahatlığımızı bildirdik. Bildiyiniz kimi, Gəncənin millət vəkili Müşfiq Cəfərov həm “Kəpəz”in Müşahidə Şurasının, həm də Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvüdü. Ona yayılan şəkilləri atdım. Hansı ki, “Xəmsə” fanklubu da bununla bağlı şəkillərlə paylaşım etmişdi. Sağ olsun, o da dərhal reaksiya verdi. Şəhər rəhbərliyinə və Gəncə şəhər Memarlıq və Tikinti İdarəsinə müraciət etdi. Aydın oldu ki, bir neçə şəxs gəlib həmin ərazini hasara alıb. Orda obyekt tikmək istəyiblər. Bunun qarşısı Müşviq bəyin də köməyi ilə alındı. Bildirildi ki, bu ərazi stadionun parkinq yeridi. Burda heç bir tikinti aparmaq olmaz. Belə deyək, bu işin həyata keçməsində “Kəpəz”in rəhbərliyi fəallıq göstərdi. Əslində biz, sadəcə, icarəyə götürmüşük . Lakin bununla bağlı biz daha çox narahat idik. Çünki bu arena gəncəlilər üçün çox əzizdi. Sanki bir məbəddi. Onu qorumaq, gələcək nəsillərə çatdırmaq lazımdı. Ancaq bu səviyyədə yox. Daha yaxşı vəziyyətdə. Ümid edirik ki, bu il Gəncə şəhər stadionu da dövlət proqramına salınar və tezliklə tam təmir olunub müasir vəziyyətdə gəncəlilərin və “Kəpəz”in ixtiyarına verilər”.
Əlbəttə, stadionla bağlı məsələnin həllini tapması sevindiricidi. Ümid edirik ki, bir də belə özbaşınalıqlar baş verməz. Versə də, dərhal qarşısı alınar.
SƏNƏM FƏRHADOVA