Türkiyə çempionatında tarixi sayıla biləcək mövsüm yaşanır. Bir çoxları artıq indidən ''Trabzonspor''u çempionluq münasibəti ilə təbrik edir.
Turnir cədvəlinə baxanda belə düşünənləri anlamaq olar. Qaradənizlilər 20-ci turdan sonra ən yaxın rəqibi 10 xal qabaqlayır. Özü də ən yaxın rəqib çempionluğa iddialılardan sayılmayan ''Konyaspor''du. İddialılar isə sözün əsl mənasında sürünürlər. Təkcə bir faktı vurğulayaq ki, ''Trabzonspor'' 5-ci pillədəki ''Fənərbaxça''dan 17 xal, 9-cu pillədəki ''Beşiktaş''dan 20 xal, 12-ci pillədəki ''Qalatasaray''dan 22 xal öndədi! Türkiyə çempionatı 3 xallıq sistemlə keçirildiyi 1987/88-dən bu yana yalnız bir mövsümdə 20-ci turdan sonra liderlə ən yaxın izləyicisi arasındakı fərq ikirəqəmli həddə çatmışdı. Bu hadisə 1999/00-də baş vermişdi. O vaxt 20-ci turdan sonra lider ''Qalatasaray''ın 51, ən yaxın izləyicisi ''Beşiktaş''ın 40 xalı var idi.
Bu arada Türkiyənin bukmeker kontorları yeni çempionluq əmsallarını açıqlayıb. Ötən həftə qeydə alınan nəticələrdən sonra xal fərqini bir qədər də artıran ''Trabzonspor''un çempionluq əmsalı 1,10-dan 1,05-ə enib. Yəni faiz nisbəti ilə desək, sona hələ 18 tur qalsa da, bukmekerlər bu klubun çempionluq şansını 90 faizdən də çox görürlər. Digər klublardan 2-ci pillədəki ''Konyaspor''un çempionluq əmsalı 10,00 (əvvəlki əmsal 9,00), ''Fənərbaxça''da 15,00 (10,00), ''İstanbul BŞ''də 18,00 (15,00), ''Beşiktaş''da 25.00 (20,00), ''Qalatasaray''da 60,00-a (40,00) bərabərdi!