Azərbaycan futbolunun daha bir tanınmış siması butslarını, daha doğrusu, əlcəklərini mismardan asmaq qərarına gəldi.
Söhbət 2003-cü ildə peşəkar karyeraya başlayan, 2008-dən ölkənin əsas komandasının da “bir nömrə”sinə çevrilməyi bacaran Kamran Ağayevdən gedir. O, müstəqillik dönəmində yetişən ən istedadlı futbolçulardan biri kimi yaddaşlarda qalacaq.
İslam Kərimovun üzə çıxardığı istedad
Kamran Ağayev 1986-cı il fevralın 9-da Dəvəçi (indiki Şabran) şəhərində anadan olub. Orta təhsilini şəhərdəki Roman Yusifov adına 2 saylı orta məktəbdə alıb. Hələ orta məktəbdə oxuduğu vaxtlarda idmana həvəsi çox böyük olub. Tək futbola yox, idmanın bir çox sahələrinə maraq göstərib. Üzgüçülük, güləş, sambo, karate, akrobatika və başqa növlərlə məşğul olub. Lakin futbola marağı onu yerli "Bərəkət"ə aparır. O komandaya ki, baş məşqçi atası Adilxan Ağayev idi. Bu baxımdan da mərhum atasının gələcəyin qapıçısının ilk məşqçisi olduğunu demək mümkündü. Futbolun incəliklərinə isə Bakıya gəldikdən sonra yiyələnir. “Bərəkət”də oyunlarını izləyən İslam Kərimov onun Bakıya gəlməsində, daha peşəkar klublarda oynamasında israr edir və 15 yaşlı Kamranı baş məşqçisi olduğu U-17-yə cəlb edir. Yığmada göstərdiyi oyunla Kamran paytaxt klublarının məşqçilərinin diqqətini çəkir. Elə həmin il “Şəfa”ya dəvət alır. Vaqid Sadıqovun baş məşqçisi olduğu komandada qapıçılarla işləyən məşqçi Camaləddin Əliyevdən futbolun sirlərini öyrənir. 2001-ci ildə ilk böyük mükafatını “Şəfa”da qazanır. Yığmanın bazası sayılan klub ölkə kubokunu başı üzərinə qaldırır.
Tovuzdan Portuqaliyaya uzanan, Bayılda bitən yol
2004-cü ildə qolkiper Naci Şensoyun çalışdırdığı “Turan”a transfer olunur və 2 il Tovuz təmsilçisinin şərəfini qoruyur. Kamranın karyerasında ən möhtəşəm səhifə heç şübhəsiz, 2006-cı ildə üz tutduğu “Xəzər Lənkəran”la bağlıdı. “Yaşıl armada” ilə 2006/07 mövsümündə çempionluğu və ölkə kubokunu bayram edən qolkiper 2008-də də Azərbaycan kubokunun sahibi olur. Bundan başqa, 2008-də Lənkəran klubunun heyətində “Birlik kuboku”nun da qalibi olmağı bacarır.
7 il “Xəzər Lənkəran”da oynadıqdan sonra 2013-də rəhbərliklə yaşanan problemlər səbəbindən Cənub klubunundan ayrılır və bir müddət “Bakı”da qərar tutur. Amma burda da arzuladığı formaya qovuşa bilməyən Ağayev yeni klub axtarışına çıxır. Baş məşqçi Milinko Pantiçin istəyi ilə millinin qapıçısı transferə çıxarılır.
2014-cü ildə onun növbəti dayanacağı “Qəbələ” olur. “Qırmızı-qaralar”ın heyətində 33 oyun keçirən qapıçı 2015-də Türkiyəyə yollanır. Ağayevin yeni iş yeri Türkiyə PTT liqasının lideri “Kayserispor” olur. Kayserilərlə mövsümün sonuna kimi müqavilə bağlayan qolkiper yeni komandasında ilk oyununa Türkiyə kubokunun1/8 final mərhələsində “Beşiktaş”la (1:0) matçda çıxıb. Kamran "Kayserispor"da cəmi 6 oyunda meydana çıxır. Mövsümün sonunda "Kayserispor"dan ayrılaraq “Karşıyaka”ya üz tutur. Burda da çox qalmayan Kamran 13 oyunda meydana çıxır və 2015-in dekabrında komandadan ayrılaraq Azərbaycana qayıdır. 2016-cı ilin yanvarında isə gözlənilmədən Bakı “İnter”i ilə müqavilə bağlayır. Mövsümün sonunadək burda oynayan millinin qapıçısı mayda komanda ilə yolları ayırır.
2016-nın sentyabrında Portuqaliya “Boşavişta"sı ilə mövsümün sonuna qədər müqavilə bağlayır. “Boavişta”nın heyətində debüt matçı isə “Portu” ilə oyuna təsadüf edir. 2017-ci ildə isə Ağayevin Çexiyaya da qısamüddətli səfəri olub - 5 oyunda “Mlada Boleslav”ın qapısını qoruyub. Yenidən vətənə dönən qolkiper 2018/19-da “Keşlə” ilə anlaşır. 2020-də “Səbail”ə üz tutan Ağayev bir neçə gün öncə karyerasını başa vurmağa qərar verir. Etiraf etmək lazımdı ki, sanballı karyeraya malik Kamranın “Səbail”də işləri istənilən kimi alınmadı. Ancaq istənilən halda qolkiper adını Azərbaycan futbolunun tarixinə yazırmağı bacaran simalardan biri kimi yaddaşlarda qalacaq.
Diqqət mərkəzində olmağı sevib, azarkeşlərin sevgisini qazanıb
Futbolçu kimi daim medianın diqqətində olan Ağayevin futboldankənar həyatı da daim mətbuatın gündəmini zəbt edib. Onunla “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik, vitse-prezidenti Tuyqun Nadirov arasında yaşanan qalmaqal, lənkəranlı azarkeşlərin qolkiperi az qala “vətən xaini” çıxarması uzun müddət ölkənin idman mediasının manşetində olub. “Qəbələ”nin şərəfini qoruyarkən azarkeşlərlə yaşanan insident hələ də unudulmayıb. Kamran özünə hörmət qoymağı bacaran, yersiz iradları qəbul etməyən, daim diqqət mərkəzində olmağı sevən futbolçu olub. Millinin sabiq qapıçısının meyxanaya həvəsi də hamıya məlumdu. Sayılıb-seçilən meyxanaçılarla dost olan Ağayevi tez-tez belə məclislərdə görmək mümkündü. Yaxın dostu, hazırda “Keşlə”nin şərəfini qoruyan Ruslan Əmircanovla birgə çəkdirdiyi klip də bir müddət izlənmə rekordu qırmışdı. 2016-cı ildə isə Kamranın Nərimanov rayonunda özünə məxsus obyektdə qızı döyməsi haqda xəbər də yayılmışdı.
Sabiq “1 nömrə” futboldankənar həyatda müxtəlif qalmaqallarla gündəmə gəlsə də, etiraf etmək lazımdı ki, ciddi karyerası da olub. Hər ulduzun özünəməxsus kaprizləri, naz-qəmzəsi olur. Kamran da bu mənada süddən çıxmış ağ qaşıq deyildi. Ancaq azarkeşlər onu belə qəbul etmişdilər, belə tanıyıb-sevmişdilər.
Məşqçiliyə başlayacaq
Yanvarın 11-də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onunla görüşüb. Məmmədov futbolçu karyerasını başa vuran Ağayevə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Millinin heyətində 79 oyun keçən qolkiper AFFA-nın təklifi ilə qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək. Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib. Biz də Kamrana indiyəqədərki səhvlərindən nəticə çıxarmağı, gələcək məşqçi karyerasında uğurlar arzulayırıq.
RƏŞAD, "Futbol+" qəzeti üçün