Türkiyə çempionatında ikinci dövrənin ilk turuna dünən Kadıköydə yekun vuruldu. Digər İstanbul nəhəngləri ''Qalatasaray'' və ''Beşiktaş'' kimi tur ''Fənərbaxça'' üçün də uğursuz alındı.
''Sarı-lacivərdlilər'' doğma meydanda debütant ''Adana Dəmirspor''la oyunda hesabı açan tərəf olsalar da, sonda hətta 1 xala da həsrət qaldılar. Valensiyanın penaltidən vurduğu qola qonaqlar Gökhan İnlər və Yunes Belhandanın qolları ilə cavab verdilər. Belhanda qələbə qolunu vurmaqla növbəti dəfə ''Fənərbaxça''ya qənim kəsildi. Mərakeşli futbolçu Türkiyədə uzun illər ''Qalatasaray''ın şərəfini qoruduğundan ''Fənər'' onun üçün həmişə prinsipial rəqib olub. Bir müddət öncə 31 yaşlı futbolçu Fransa mətbuatına verdiyi açıqlamalarda Türkiyəyə gəldiyi gündən bəri heç vaxt ''Fənərbaxça''ya uduzmadığını və həmişə ''Fənər''liləri cırnatdığını qeyd etmişdi. Bu dəfə də Belhanda qol vurmaqla bir növ sözünü təsdiqləmiş oldu. Onun qoldan sonra tribunalara ağlamaq işarəsini göstərməsi qalmaqala səbəb oldu. Meydan sahiblərinin yarımmüdafiəçi Mərt Hakan Yandaş onun üzərinə hücum çəkdi. 4-cü hakimin araya girməsi ilə qalmaqalın böyüməsinin qarşısını almaq mümkün oldu. Bu iki futbolçu arasında daha sonra ehtiyat oyunçular skamyasında da mübahisə yaşandı.
Belhanda 2020-nin fevralında, ''Qalatasaray''ın 21 illik həsrətə son qoyaraq Kadıköydə qalib gəldiyi derbinin ardından da ağlamaq işarəsi göstərməsi ilə gündəmə gəlmişdi. Bundan başqa onun növbəti dəfə Kadiköydə uduzmaması diqqət çəkdi. ''Qalatasaray''ın heyətində ''Fənərbaxça''ya qarşı 4 səfər matçından 2 qələbə, 2 bərabərliklə ayrılan futbolçu indi də ''Adana Dəmirspor''un heyətində ''Ülkər'' stadionunu fəth etdi. Düzdü, ''Fənər'' bu mövsümün ilk turunda bu rəqibi Adanada minimal hesabla yenmişdi. Amma Belhanda həmin oyunda iştirak etməmişdi.