Dünən Avropanın milli çempionatlarında maraqlı geridönüşlər yaşandı.
Portuqaliya çempionatının 17-ci turunda lider ''Portu'' ''Eştoril''in qonağı oldu. Oyun ''əjdahalar'' üçün çox çətin keçdi və komandaya fasiləyə 0:2 geridə yollandı. Amma Serjio Konseysaonun kollektivi ikinci hissədə inanılmaz əzmkarlıq nümayiş etdirdi və 3 qol vuraraq qalib gəldi. ''Portu'' çempionatda ardıcıl 12-ci qələbəsini qazandı. Ən diqqətçəkən məqam qələbə qolunu baş məşqçinin oğlu Fransisko Konseysaonun vurmasıdı. 87-ci dəqiqədə oyuna daxil olan və 90-cı dəqiqədə qələbə qolunu vuran 19 yaşlı futbolçu bu sevinci təbii ki, ilk növbədə atası ilə bölüşdü.
Buna bənzər ssenari ilə keçən matç bundesliqada da oynanıldı. 18-ci tur çərçivəsində Frankfurt ''Ayntraxt''ı Dortmund ''Borussiya''sını qəbul etdi. Son 6 turun 5-də qalib gələn və yüksəlişdə olan meydan sahibləri fasiləyə iki topluq üstünlüklə yollandılar. Bu nəticə düz 70-ci dəqiqəyə qədər davam etsə də, ''arılar'' son 20 dəqiqədə möcüzəvi bir geridönüşə imza atdılar. Holann fərqlənə bilməsə də, onun görməli işi üzərlərinə yarımmüdafiəçilər - Azar, Bellingem və Mahmud Dahud götürdü. ''Borussiya'' bu qələbədən sonra bu tur məğlub olan lider ''Bavariya'' ilə xal fərqini 6-ya endirdi. ''Borussiya''nın bundesliqada sonuncu dəfə fasiləyə 2 top fərqi ilə geridə yollandığı halda qalib gəlməsinə 2020-nin yanvarında ''Auqsburq''la səfər matçında (5:3) rast gəlinmişdi. Bu, Holannın turnirdəki debüt matçı idi və gənc norveçli ikinci hissədə meydana çıxaraq het-trik etmişdi.
Dünənki matçların daha birində 3:2 hesabı qeydə alındı. İngiltərə kubokunun 1/32 finalında ''Hall Siti'' əlavə vaxta qədər uzanan matçda öz meydanında ''Everton''a bu hesabla məğlub oldu. Düzdü, bu qarşılaşmada da qalib gələn tərəf əzmkarlıq sərgilədi. Amma ''Everton'' 2 yox, 1 top fərqi ilə geriyə düşmüşdü. Matça maraq qatan əsas məqam Acun Ilıcalının öz komandasını ilk dəfə stadiondan canlı izləməsi idi. Bilindiyi kimi məhşur türkiyəli şoumen çempionşip təmsilçisinin səhmlərinin böyük hissəsini alıb və klubun yeni sahibinə çevrilib. Matçdan öncə yerli fanatlar onu böyük coşqu ilə qarşıladılar. Bir çox azarkeşlərin əlində Türkiyə bayraqlarının olması diqqət çəkdi. Amma göründüyü kimi Acunun ayağı ''Hall Siti'' üçün düşərli olmadı və komandası mübarizəni dayandırmaq məcburiyyətində qaldı.