Qış transfer dönəmi yaydakı kimi “qaynar” olmasa da, hər halda, yanvarda da klublar heyətə əl gəzdirir.
Bu yerdə isə ən çox iş agentlərin üzərinə düşür. Məhz onlar bu arada gündəmdə olur. Müştərilərinə daha yaxşı şərtlərlə komanda tapmağa çalışır, əməkdaşlıq etdikləri klublara faydalı oyunçuları tapmaqda kömək edir.
Azərbaycanda agentlərin sayı çox olmasa da, yox da deyil. Onlardan bəzilərini arayıb premyer-liqada qış transfer dönəmini, klublarımızın transfer siyasətini dəyərləndirmələrini istədik. Bu məqsədlə öncə Erkin İbrahimovun fikirlərini öyrəndik:
“Prosesləri yaxından izləyirəm. Fikrimcə, “Qarabağ”a qısa vaxtda yeni tansferini açıqlamalıdı. Çünki qapıçı mövqeyi boş qalıb. Komandanın təlim-məşq toplanışına başlamağa “çərçivə qoruyucusu” yoxdu. “Neftçi” yayda reallaşdırdığı bəzi uğursuz transferlərdən canını qutarmağa çalışır. Mövsümlərarası fasilədə “ağ-qaralar” çoxlu səhv etdi. Bəlkə də aralarında elə futbolçular var idi ki, rəhbərlik onları saxlamaq istəyirdi. Ancaq Sabir Buqrin, Roman Bask kimi oyunçular özləri ayrılmaq qərarı verdilər. Xüsusilə Buqrinin gedişi komanda üçün böyük itkidi. Bu qış “Neftçi” daha çox yerli futbolçuları rənglərinə bağlayır. Ümid edirəm, yeni gələnlər komandaya faydalı olacaq. Özümə gəlincə, əməkdaşlıq etdiyim klublar var. Hələ ki həllini tapan transfer yoxdu. Klublarımız tərəfindən bəyənilən legionerlər var. Ancaq onların bəzisinin klubla müqaviləsi davam edir. Elələri də var ki, çox pul tələb edir. Aralarında Azərbaycana gəlmək istəməyənlər də olur. Fikrimcə, turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşan komandalarımız maraqlı transferlər gerçəkləşdirəcəklər. “Qarabağ” yeni oyunçu ilə anlaşacaqsa, istər-istəməz diqqətçəkən olmalıdı. Yuxarıda qeyd etdiyim kimi, “Neftçi” Buqrinin əvəzinə ən azı onun səviyyəsində oyunçu tapmalıdı. “Sabah”ı da siyahıdan silmək olmaz. Son iki ayda komanda çox yaxşı sürət yığıb, turdan-tura oyunlarında inkişaf sezilir. Murad Musayev “Krasnodar”da işləyib, böyük ehtimalla Rusiyadan tanıdığı futbolçulardan yeni komandasına dəvət edəcək. Təbii ki, “Zirə”ni də yaddan çıxarmaq olmaz. Qəsəbə klubunu da tərk edən futbolçular olub. Rəşad Sadıqov gedənlərin əvəzinə daha səviyyəli oyunçular dəvət edəcək. Bir sözlə, əsas adını qeyd etdiyim klublardan diqqətçəkən transferlər gözləmək olar”.
Səbuhi Səfiyarlı da, demək olar, həmkarı ilə eyni fikirdədi:
“Heç kimə sirr deyil ki, qış transfer dönəmində istədiyin futbolçunu heyətə cəlb etmək çox çətindi. Tək-tük oyunçular var ki, onların müqavilələri bu ərəfədə başa çatsın və ya hansısa səbəbdən azad agent statusu daşısın. Fikrimcə, bu qış da klublarımızdan heç biri “ulduz” statuslu futbolçu ilə anlaşmayacaq. Turnir cədvəlinin üst pillələrində olan, qarşısına avrokubok hədəfi qoyan klublarımız uzağı iki-üç futbolçu ilə güclənə bilər ki, bu da inandırıcı görünmür. Özünüz də görürsüz ki, “Neftçi” yararsız legionerlə yolları ayırmağı düşünür və daha çox yerli statuslu oyunçulara diqqət ayırır. “Qarabağ”ın ən yaralı yeri qapıçı mövqeyidi ki, bildiyim qədər bir-iki günə bu məsələyə nöqtə qoyulacaq. Bəlkə də “Sabah”dan nəsə gözləmək olar. Murad Musayevin gəlişi ilə komanda tunir cədvəlində mövqeyini yaxşılaşdırıb, avrokubok iddiasını yenidən ortaya qoyub. Güclərinə bir qədər də güc qatacaqları halda kollektivin qitəmiqyaslı tunirlərə qatılması reallaşa bilər. Böyük ehtimalla “Zirə”də də yeni əcnəbilər olacaq”.
RƏŞAD